Yaşamaq istər isək

Yaşamaq istər isək
Müəllif: Mirzə Ələkbər Sabir


Yaşamaq istər isək sırf əvam olmalıyız!
Atıb insanlığı, bilcümlə həvam olmalıyız!

Yaşamaq istər isək dəhrdə əmniyyət ilə
Elmə, fənnə üdəbayə baxalım nifrət ilə,
Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,
Yatalım bəstəri-qəflətdə uzun müddət ilə,
Püxtəlikdən nə yetər, biz hələ əvam olmalıyız!
Yaşamaq istər isək, sırf əvam olmalıyız!

Balışa baş qoyalım, yorğanı bərduş edəlim,
Pənbeyi-qəfləti yox, zətbeqi dərguş edəlim,
Xabi-övham görüb, seyl kimi cuş edəlim,
Qeyrətü himməti-islamı fəramuş edəlim;
Dusta mayeyi-qəm, düşmənə kam olmalıyız!
Yaşamaq istər isək, sırf əvam olmalıyız!

Fikr tədris edən əşxası kənar etməliyiz,
Hər nasıl olsa bu bidinləri zar etməliyiz,
Ölkədən bunları məcburi-fərar etməliyiz,
Tez zamanda vətəni, milləti xar etməliyiz;
Böyləcə naili-məqsudi məram olmalıyız!
Yaşamaq istər isək, sırf əvam olmalıyız!

Başqalar çox da balonlarla edir seyri-həva,
Biz bu seyri edirik xabdə hər sübhü məsa,
Qövli-axundu unutdunmu ki, vəz etdi səna:
Dəhr fanidir, əzizim, ona uyma əbəda!
Tərki-dünya ilə firdövs xüram olmalıyız!
Yaşamaq istər isək, sırf əvam olmalıyız!

Nə bilirsən hələ sən səhnəyi-röyada nə var?
Əhli-zahir nə qanır aləmi-mənada nə var!?
Hər nə var xabdə var, yoxsa bu dünyadə nə var?!
Yaxşı yat, qol-qanad aç, uç o məvadə nə var?!
Həzzi-röya ilə məşğüli-məram olmalıyız
Yaşamaq istər isək sırf əvam olmalıyız!

Yat, dolaş cənnəti-əladəki rizvanlar ilə,
Qol-boyun ol, məzələş hüriyü qılmanlar ilə,
Ye-iç artıq kefə bax cümlə müsəlmanlar,
Qoy bu dünyanı bu kafirlərə şeytanlar ilə,
Biz mələklərlə uçub ali məqam olmalıyız!
Yaşamaq istər isək sırf əvam olmalıyız!

Qoy olar kəşfi-badayə eləsin sənət ilə,
Paroxod, ya vaqon icad eləsin zəhmət ilə,
Biz verib pul minərik, yol gedərik rahət ilə,
Nə münasib ki, rəqabət edək hər millət ilə?!
Bizə ağalıq edən əhlə qulam olmalıyız!
Yaşamaq istər isək sırf əvam olmalıyız!