Ya dala
Ya dala Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
İbtida əlifdən dərsim alanda,
“Əlif’dən oxuyub gəldim ya “dal”a.
Açılanda fəsli-bahar mövsümü,
Bülbül meylim uçub qonar ya dala.
Kamandarın oxu dər yaya düşdü,
Qışın çilləsində dər yaya düşdü,
Dəli könlüm yenə dəryaya düşdü,
İstəyir ki, qəvvas kimi ya dala.
Məhəmməd, yenə də ayyarı sevdin,
Bayğu tək yaslanıb ay yarı sevdin,
Eşqə cünun oldun, ay yarı sevdin,
Layiqdimi indi onu yad ala?