Ya məndə
Müəllif: Tifil Əsəd
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Təcnis

Alagözlüm, dərdə giriftar oldum,
Dərdə dərman, ya səndədir, ya məndə.
Aşıq deyər: ya məndə,
Gözüm qaldı Yaməndə,
Ləl üstündə həmayıl,
İşıq salır Yaməndə.
Dedim: gözəl, məni qoyma Yaməndə,
Dedi: təqsir ya səndədir, ya məndə.

Eşq ucundan mən də oldum ya dəli,
Görən deyər: ya divanə, ya dəli.
Aşıq deyər: ya dəli,
Ya divanə, ya dəli,
Şirin candan keçərəm,
Yara dəysə yad əli.
Dedim: gözəl, səndə tutsam yad əli,
Onda ölüm ya səndədir, ya məndə.

Görən olmaz mənim kimi yananı,
Nə keçirər, eşq oduna yananı?
Aşıq deyər: yananı,
Yandırmayın, yananı!
Mərd igidlər gözləyər,
Ya süfrəni, ya nanı.
Kim görübdü Əsəd kimi yananı,
Eşq atəşi ya səndədir, ya məndə.