Ya səndədi, ya məndə
Ya səndədi, ya məndə Müəllif: Aşıq Əsəd |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.385; ISBN 978-9952-571-42-4 |
Ala gözlüm, dərdə oldum giriftar,
Dərdə dərman ya səndədi, ya məndə.
Aşıq deyər, ya məndə,
Bir sevgim var Yəməndə,
Yaşamasın bədnəzər,
Heç görməsin yaməndə.
Dedim, məni qoyma qalım yaməndə,
Dedi, təqsir ya səndədi, ya məndə.
Eşq ucundan cünun oldum, ya dəli,
Görən deyər, ya divanə, ya dəli.
Aşıq deyər, ya dəli,
Dərd cigərim ya dəli.
Şirin candan keçərəm,
Sənə dəysə yad əli.
Dedim gözəl, sən də tutsan yad əli,
Onda ölüm ya səndədi, ya məndə.
Kim görübdü mənim kimi yananı,
Nə keçirdər eşq oduna yananı.
Aşıq deyər,yananı,
Yandırmazlar yananı,
Mərd olanlar gözləyər,
Ya namusu, ya nanı.
Əsəd kimi ar oduna yananı,
Eşq atəşi ya səndədi, ya məndə.