Yadıma düşdü (Aşıq Əsəd)
Yadıma düşdü Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Şanlı məktubunu oxuyanda mən,
Çalmalı dağları yadıma düşdü.
Təndir torpağının alma çiçəyi,
Lilpar bulaqları yadıma düşdü.
Dalı Gödək güney, qabağı Çatar,
Fermanın dövləti dağları tutar.
Ömürlər uzadar, mətləbə yetər,
Bu gözəl çağları yadıma düşdü.
Başı Çalmalıdı, ayağı düzlər,
Toyda oynayırmı gəlinlər, qızlar?
Oxuyub çalırdım sədəfli sazlar,
Gözəl yığnaqları yadıma düşdü.
“Göyçənin qonağa çoxdu hörməti”,
Təzə cavanların var məhəbbəti.
Qayğanaq, qəysəfə, əmliyin əti,
Eyvan-otaqları yadıma düşdü.
Əsəd bu fanidən köşüb üqbaya,
Dəli könül yenə qalxıb havaya.
Qoçdaşın düzləri, Buxarlı qaya,
Tərlan ovlaqları yadıma düşdü.