Yada düşdü
Yada düşdü Müəllif: Cəfər Cabbarlı |
Gördüm üzünü, bağçada laləm yada düşdü;
Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;
Aldı fələk əldən onu, yanın yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,
Çaldı qanadın göydə, gedib dəryada düşdü.