Yadi-mazi
Yadi-mazi Müəllif: Hüseyn Cavid |
Mazi!.. O gözəl xatireyi-şövqü şətarət,
Hər an oluyor hafizəpirayi-təhəssür.
Ati!.. O qaranlıq gecə, pürteyf mərarət,
Daim eləyir ruhumu ləbriri-təəssür.
Hərdəm nəzərim maziyi-pürnəşvəyə nazir,
Cuşiş veriyor könlümə hala o mənazir.
Hala o mənazir, o üfüqlər, o səmalər!..
Ruhumda oyandırmada min sübhi-rəbii.
Təqib edərək bir-birini leyl-səfalər,
Əyyami-ələm əqlimə gəlməzdi təbii.
Bir ləhzə düşünmək nədir anmazdım o dəmlər,
Yaxmaqda bu gün ruhumu suzişli ələmlər.
Hər şey mənə xəndan görünürdü o zamanlar,
Oxşardı kiçik qəlbimi həp tazə çiçəklər.
Pərran idi bir yanda təbərza kələbəklər,
Guya sevişirlər, öpüşürlərdi həp onlar.
Gülqönçələr eylərdi səhər vəqti təbəssüm,
Bülbüllər isə həpsi yekavaz tərənnüm...
Əflakə baxarkən məni məftun ediyordu,
Parlaq günəşin mənzəreyi-şəşəədarı.
Axşam duramaz, qərbə müsafir gediyordu,
Şərqin o gözəl bakireyi-ləmənisarı.
Lakin gecə bir başqa tamaşa buluyordum,
Yıldızlara heyrətlə baxıb şad oluyordum.
Yıldızlara heyrətlə baxar, öylə sanırdım,
Həp tazə gəlinlər gəzinir ruyi-səmadə.
Bir heykəli-sevda kimi pürşölə sanırdım,
Gördükcə o məhzun qəməri seyrü səfadə.
Hər mənzərə minlərcə lətafət saçıyordu,
Guya ki, bədaye mənə ağuş açıyordu.
Əfsus!.. O gözəl günləri etdikcə təxəttür,
Coşmaqda bu gün duyğularım böylə dəmadəm.
Məhv etmədə imdi məni alami-təhəssür,
Hərdəm qara xülyalar olub qəlbimə məhrəm.
Lərzan eləyir ruhumu min dürlü məzalim
Əfsus... ki, mazi ədəm, ati isə müzlim...