Yahyoğlu
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 63-65

Eşitmişəm, hədyan yazıb
Bizim mahala Yahyoğlu.
Altmışında zurna tapıb,
İstəyir çala Yahyoğlu.
Gözünü tikib harama,
Baxmır halala Yahyaoğlu.
Qızların odun şəlsin
Götürür dala Yahyaoğlu!

Şair Nağı, bəyənmədin
Bizim bu kürsü-təndiri;
Odun şələsi çəkməkdən
Çiynini kəsib kəndiri.
Dədən Yahya çox yeyibdi,
Murdarlamaynan pendiri;
......................
Altını qala, Yahyaoğlu!

Səhər vaxtı xörəyindi
Pencər-kəngər, kortur, çaşır,
Qıjı, çiriş, cincilim,
Sündürük həddindən aşır.
İçirsən darı hörrəsi,
Saqqalın, bığın bulaşır;
Görən deyir: «Ağzını sil,
Batıbdı yala, Yahyaoğlu!».

Mən deyirəm bu sözləri
Çünki sən düşəsən başa:
Yeyirsən darı cadını,
Qursağında dönür daşa.
.....................
.....................
.....................
..........., Yahyoğlu!

...................
Bu oldu bədələ-bədəl.
Göyçəliylə bəhsə girdin,
Çox çəkərsən çəngü cədəl.
Gizlənmə tülkü kimi,
Çənbərək meydanına gəl!
Şairliyin isbat olsun,
Düşsün mahala, Yahyoğlu.

Sözümdə rəkik tutma,
Həm çobanam, həm naşıyam;
Müxənnətə xvan olmaram,
Mərd yolunun peşkaşıyam.
Öz adım Məhəmməddi,
Ələsgərin qardaşıyam,
Nə sözün var, əsirgəmə,
Göndər dal-dala, Yahyoğlu!