Yakov Semyonoviç Qoqoebaşvili

Yakov Semyonoviç Qoqoebaşvili (1912)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.

Bu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi.

Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır.

Bizə elə gəlir ki, gürcü ziyalılarından heç biri öz xalqının maarif və savadlanmasına mərhum Qoqebaşvili qədər kömək etməmişdir. Onun ana dilini öyrənmək üçün tərtib etdiyi dərsliklər və çoxlu bədii əsərləri həqiqətən işığa doğru bir pəncərə açmış və etiraf etmək lazımdır ki, onu bu mənada gürcü Kirilli və yaxud Mefodiyi adlandırmaq olar.

Mərhum Qoqebaşvili xalq məktəblərində ana dilinin tədrisinə böyük əhəmiyyət vermiş və onu müdafiə etmək üçün bir sıra ciddi və əməli səciyyə daşıyan məqalə və kitabçalar yazmışdır. O, uşaqların danışdığı və sadə xalqın yaxşı anladığı öz ana dilinin bütün incəliklərini və ruhunu çox gözəl bilirdi. Onun "Dedaena" ("Ana dili") və "Bunebis qari" ("Təbiətin qapısı") kitabları bu sadə, lakin canlı və gözəl dildə yazılmışdır. Bu cəhətdən Yakov Semyonoviç rus xalqı və rus məktəbləri üçün əvəzedilməz "Rodnoe slovo" (ana dili) yazmış ölməz və dahi Uşinskinin pərəstişkarı və təqlidçisidir. Qoqebaşvilinin yuxarıda adlarını çəkdiyimiz kitablarının yerli əhali arasında belə görünməz halda on və yüz min nüsxələrlə yayılması da bununla izah olunur. Bu dərsliklər uşaq təbiətinin və dilinin sadəliyini çox az nəzərə alan Azərbaycan ibtidai məktəbləri üçün kitab tərtib edənlərə təqlid etməyə diqqətəlayiq nümunə ola bilər.

Y. S. Qoqebaşvilinin ölümü onun simasında gözəl oğullarından birini itirən gürcü xalqı üçün əvəzedilməz bir itkidir. Lakin mərhum Yakov Semyonoviç üçün təkcə gürcü xalqı ağlamır. Bu itki üçün onu səmimi qəlbli nadir bir insan, qocaman müəllim və təcrübəli xalq tərbiyəçisi kimi qiymətləndirən başqa qonşu xalqların ziyalı nümayəndələri də kədərlənirlər.