Yalan oldu
Yalan oldu Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri-talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,
Gəl eylə dərdimə dərman,
Uçdu getdi tülək tərlan,
Sar da kəklik alan oldu.