Yalvara-yalvara (Ağ Aşıq Allahverdi)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yalvara-yalvara (Ağ Aşıq Allahverdi) Müəllif: Ağ Aşıq Allahverdi |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Yarım çıxıb yaylaqlara,
Qaldım, yalvara-yalvara.
Bərə qurdum oylaqlara,
Durdum, yalvara-yalvara.
Qurban dedim yar adına,
Səs vermədi fəryadıma,
Şahi-mərdan yet dadıma,
Öldüm yalvara-yalvara.
Qamət çəkib naz eylədi,
Bir dərdimi yüz eylədi,
Bağrım başın köz eylədi,
Yandım, yalvara-yalvara.
Gülərüzlü, boyu bəstə,
Dağ çəkibdi sinəm üstə.
Ağ Aşığı etdi xəstə,
Qaldım yalvara-yalvara.