Yan barı
Yan barı Müəllif: Aşıq Fətulla |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Bemürvət, beinsaf, əl çək zülümdən,
Şərik ol dərdimə, alış, yan barı,
Məcnunam, üzündən gəzirəm düzdə,
Soruş bu dərdimi, sən də qan barı.
İnsafdımı aşıq düşsün çöllərə,
Car etdim vəsfini cəmi ellərə.
Salmışam meylimi qönçə güllərə,
Eyləmə bülbülü bağrıqan barı.
Uca dağ başını qucaıı qar olar,
Bülbülün qisməti ahu-zar olar,
Qönçənin ətrini çəkən xar olar,
Eyləmə könlümü pərişan barı.
Fətullanın canı olubdu yarı,
Tərlansan, qoynuna almaynan sarı.
Mən əziz tutaram əhdi, ilqarı,
Az eylə aşiqi imtahan barı.