Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir
Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.101. |
Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir,
Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkindir.
Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah.
Təməvvüc verməsin təşviş ona kim, onda sakindir.
Dəhanın dürcünü xali-ləbin gözdən nihan etmiş,
Əmanət gör ki, hindu məxzəni-lö’löyə xazindir.
Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildim
Ki, xəlvət çəkməgin tə’siri sirri-kəşfi batindir.
Cigər dağinə mərhəm oldu peykanın, bihəmdillah,
Səadət kövkəbinə əxtəri-bəxtim müqarindir.
Rüxündən nur oğurlar şəm’, başın kəssələr caiz,
Budur bir qul sərəncami ki, sultaninə xaindir.
Füzuli, xali olmaz surəti-dil dust fikrindən,
Bu mə’nidən ki, beytüllah, deyərlər qəlbi-mö’mindir.