Yandı
Yandı Müəllif: Aşıq Alı |
Qəza qərq eylədi yanar odlara,
Elimin sərvinaz sonası yandı.
Atəş müqəddəsdi, napakdan qaçar,
Görmədim nə xənnas, nə ası yandı.
Nə idi günahı pakı xilqətin,
Oldu mübtəlası dərdin, zillətin;
Aqil fəhm eləyib, alsın ibrətin,
Nağının gül üzlü balası yandı.
Dərkiyan naçardı dövran işinə,
Olmadı bir zəka, elac düşünə.
Cümlə tab eylədi qəm atəşinə,
Mənim tək qəm əhli yanası yandı.
Qəbahət nə idi, odlar qalandı,
Əsil məhşər gördüm qeyri yalandı.
Cümlə qəm eylədi, qəlbi talandı,
Aqil küdrət çəkdi, danası[1] yandı.
Aşkar şivən qurdu ilahi tala,
Alı tab etmədi bu müdhiş hala.
Bir cana borcluydu o körpə bala,
Nari-cəhənnəmdi, anası yandı.
Qeydlər
redaktə- ↑ alim