Yandırıcı firqətin yaxdı məni narinə
Yandırıcı firqətin yaxdı məni narinə Müəllif: İmadəddin Nəsimi |
Yandırıcı firqətin yaxdı məni narinə,
Könlüm ulaşmaq dilər yari-vəfadarinə.
Eşqə əsir eylədi canımı şol cövri çox,
Lütf ilə bir baxmadı yari-giriftarinə.
Oldu gözümdən iraq şol sənəmin surəti,
Yarəb, irişdir məni dövləti-didarinə.
Gərçi süzülmüş gözü eylədi sayru məni,
Rəhməti anın qanı aşiqi-bimarinə?
Yürəgimi yarəli eylədi şövqün, iriş,
Yarəsinə bax bu gün, qoyma anı yarinə.
Yandırıram canımı şəm’inə pərvanətək,
Yanar imiş yar üçün vasil olan yarinə.
Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı,
Yox tut anı, heçə say, qalma onun varinə.
Eşqinə qalu bəla çün demişəm sidq ilə,
Əhdini sındırmazam, durmuşam iqrarinə.
Yarə Nəsimi kimi canını qurban edən,
Məhrəm olur ta əbəd məxzəni-əsrarinə.