Yandırır (Ağ Aşıq)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yandırır
Müəllif: Ağ Aşıq

Gözəllərə bağlayıram dastanı,
Bir mələyin eşqi canı yandırır.
Sərraf olan lələ qoyar qiyməti,
Göz görəndə din-imanı yandırır.

Sonam cilvələnib qarşımda durur,
Xədəngini bağrım başına vurur,
Bürümür üzünü, mərdanə durur,
Bir baxışla yüz min canı yandırır.

Gözəllər açıbdır Yusif bazarı,
Bəsləyib sinədə Hindistan narı.
Gözüm gördü, artdı canım azarı,
Ağ Aşıq tək binəvanı yandırır.