Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək
Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək Müəllif: İmadəddin Nəsimi |
Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək,
Gərçi yolunda aşiqin canü dili suzan gərək.
Düşdüm yenə eşq oduna, büryan yürək, giryan gözüm,
Hər kim ki, düşdü eşqinə, büryanü həm giryan gərək.
Sun saqiya, kasən rəhiq, çal mütriba, eşq əzgüsün
Kim, məst olan bu badədən qəltanü həm heyran gərək.
Qalu bəladə can sana qılmışdı iqrar, ey sənəm,
Imdi aramızda bizim şol əhdü şol peyman gərək.
Şövqən tərani sirrini mən söyləyəydim, neyləyim,
Məhrəm bu Turin sirinə Musa ibn Imran gərək.
Hər kim vücudu şəhrini gəzdivü gördü şəhnəsiz,
Yarğu anındır, ey sənəm, ol sahibi-divan gərək.
Könlüm quşu əsfəldədir, vəqt oldu pərvaz eyləyə,
Simurği-qafə qürb olan ərş üstünə cövlan gərək.
Mən qul olanın quluyam, altun olanın puluyam,
Hər kim bu yolda quldürür aləmdə ol sultan gərək.
Görsət üzünü bir kərə, ta kim, Nəsimi can verə,
Çün eydi-əkbərdir üzü, yüz can ona qurban gərək.