Yanszı çayının ruhu
Nağıllar. Yanszı çayının ruhu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Li Binin Şu əyalətində hakimiyyətə keçdiyi vaxtlar Yanszı
çayının ruhu ildə iki cavan arvad alırdı. Çayın ruhu Xe-bo kimi
şəhvətli və həris idi. Acığı tutanda göylərə ucalan iri dalğalar
yaradırdı, daşqın törədirdi. Adamlar yaman əziyyət çəkirdilər.
Adətə görə, toy keçirənlərə pul yığıb vermək və şəhvətli çay
tanrısına qızlar seçmək lazım gəlirdi. Li Bin çay tanrısının biabırçılıqlarından
xəbər tutdu və toy keçirənlərə dedi:
– Bu il pul yığmaq lazım deyil, Yanszı çayının hüzuruna mən öz qızlarımı göndərəcəyəm.
Toy günü Li Bin qızlarını yaxşı-yaxşı geyindirib-kecindirdi və onları çayın dibinə göndərməyə hazırlaşdı. Sahildə çay ruhu üçün taxt-tac qurulmuşdu, mehrab ədviyyatla, çaxır və meyvəylə doluydu. Mehrabın yanına rəngarəng paltarlı musiqiçi dəstəsi toplanmışdı, təbillər gurlayır, fleytalar çalınır, səs-küy və şənlik yaradırdılar. Li Bin çaxır dolu piyaləni əlinə alıb taxt-taca yaxınlaşdı və piyaləni irəli uzadıb dedi:
– Səninlə yaxından tanış olmağı özümə şərəf sayıram. Ey ulu tanrı, çayların hökmdarı, xahiş edirəm üzünü göstərəsən, sənə bir piyalə çaxır təqdim eləmək istəyirəm.
Lakin taxt-tac boşuydu və sükut içindəydi. Li Bin bir azca susdu və yenidən dilləndi:
– Yenə də xahiş edirəm ki, bu piyalədəki çaxırı içəsən!
O, sözünü qurtaran kimi, öz piyaləsini birnəfəsə boşaltdı. Taxt-tacı qarşısındakı piyalə hələ də doluydu. Li Bin cin atına mindi və bərkdən qışqırdı:
– Ey çayın hökmdarı, sən ki adamlara belə nifrət eləyirsən, mən səninlə ölüm-dirim vuruşuna çıxmaq istəyirəm.
O, qılıncını qınından sıyırdı və qəflətən yoxa çıxdı. Musiqiçilər quruyub qaldılar və məclisə toplanmış adamların qorxudan ürəkləri düşdü. Bir azdan onlar yarğanda iki öküzün qeyzlə vuruşduqlarını gördülər. Tezliklə hər iki öküz yoxa çıxdı və Li Bin yenidən üzə çıxdı, başdan-ayağa tər içindəydi. O, tövşüyə-tövşüyə adamlarına yaxınlaşdı və dedi:
– Mən tanrıyla vuruşurdum və yaman yorulmuşam. Qalib gəlmək üçün mənə sizin köməyiniz lazımdı. Amma diqqətli olun. Ağ lentli, cənuba sarı çevrilmiş öküz mənəm.
Li Bin yenidən boz öküzə çevrildi və yarğanda boz öküzə çevrilmiş çay tanrısıyla ölümcül döyüşə girişdi. Adamlar yarğana sarı cumdular, qılıncla və nizəylə ağ lent bağlanmamış öküzü vurmağa başladılar. Nəhayət, çayın öküz cildinə girmiş ruhunu Li Binin nökərləri öldürdülər. Xalq daşqın qorxusundan beləcə can qurtardı.