Yao qızlarını necə ərə verdi?

Nağıllar. Yaho qızlarını necə ərə verdi?
Müəllif: Şifahi xalq ədəbiyyatı


Hökmdar Yaonun iki qızı vardı, böyüyü – Exuan qızlığıydı, kiçiyi – Nyuyin doğmaydı. Onlar gözəl-göyçək və ağıllı-kamallı qızlarıydı. Yao onları çox istəyirdi, ata hər dəfə ölkəsini gəzməyə çıxanda, onları da özüylə götürürdü.

Yao taxt-tacını Şunyuya verməyə hazırlaşırdı, qərara aldı ki, elə qızlarını da ona ərə versin. Təsadüfi deyil ki, sonradan deyirdilər: “Yaonun iki qızı – Şunyanın iki arvadı”. Şunyaya ərə gedəcəklərini qızlar eşidib bildilər və sevindilər. Amma Yaonun arvadı dərdə-qəmə batdı: bilmirdi necə eləsin ki, doğma qızı baş arvad, qızlığı isə kəniz olsun. Yao arvadıyla razılaşmırdı. Qızların hansının istedadlı, diribaş, ağıllı olduğunu müəyyənləşdirmək üçün üç şərt fikirləşib tapdı. Bu şərtləri yerinə yetirən baş arvad olmalıydı. Əlacı kəsildiyindən arvad razılaşdı.

Birinci şərtə görə qızlar paxla bişirməliydilər. Yao qızların hər birinə on dənə paxla dənəsi, beş sinlik çırçırpı verdi. Paxlanı kim tez bişirsəydi, qələbə onun idi. Böyük bacı Exuan uzun illər yemək bişirməyə alışmışdı. Qazana azacıq, necə deyərlər, bir stəkan su tökdü, çır-çırpı yandırdı, bir azdan paxla bişdi, amma çır-çırpıdan hələ də qalırdı. Kiçik bacı Nyuyin isə əksinə qazana çox su tökdü, su çox, odun az, çır-çırpının hamısı işləndi, amma su qaynamadı ki, qaynamadı. Paxlanın bişməsindən isə söhbət gedə bilməzdi. Yaonun arvadı doğma qızının məğlubiyyətinə kədərləndi, amma nə eləmək olardı.

İkinci şərtə görə qızlar ayaqqabı üçün altlıq sırımalıydılar. Yao arvadına iki altlıq və mumlu sap gətirməyi tapşırdı. Qızlarının hərəsinə bir altlıq və bir parça mumlu sap verdi. Altlığı kim tez sırısaydı qələbə onun olacaqdı.

Böyük bacı Exyan ayaqqabı çox tikmişdi, vərdişliydi, səriştə toplamaq lazım gəlmirdi. Mumlu sapı qısa-qısa parçalara böldü, bir parça qurtaran kimi ikinci parçanı götürürdü, günortaya altlığı sırıyıb qurtardı: altlıq dümdüz, qəşəng və möhkəm alınmışdı. Nyuyin isə uzun sapla işləyirdi, uzun sapla iş görmək başağrıdan işdi, həm də ki, mumlu sapa tez-tez düyün düşürdü, günortaya kimi qız bir altlığı tikib qurtara bilmədi, tikdiyi də göz oxşamırdı. Hökmdar Yao bir söz demədi, arvadı isə əsəbiləşdi, gizlicə çıxış yolu axtarmağa başladı.

Qızlarını Şunyunun hüzuruna göndərməmişdən əvvəl Yao üçüncü şərti söylədi: Şunun yaşadığı Lişan dağına kim tez gedib çıxsaydı qələbə onun olacaqdı. Yaonun arvadı işə qarışdı:

– Exyan böyük bacıdı, ona arabada getmək layiqdi, arabaya üç at qoşarıq, qəşəng görünər. Nyuyin kiçik bacıdı, ona qatırda getmək layiqdi, yola tək çıxması daha yaxşıdı.

Hökmdar Yao başa düşdü, etiraz eləmək istədi, amma qızları yola salmaq vaxtı çatdığından etiraz eləməyə imkan olmadı. Qatıra minmiş Nyuyin dar cığırlarla irəli tələsirdi, Exyan isə arabada yavaş-yavaş gedirdi. İş gətirməyəndə gətirmir, Nyuyin yolu yarılamamış qatır balalamaq fikrinə düşdü. Nyuyin əsəbiləşdi:

– Səni görüm gəbərəsən, heç doğmaq vaxtıdı, sənə görə belə mühüm bir iş pozulur. İndən belə səni bala üzünə həsrət qalasan!

Buna görə də həmin vaxtdan qatırlar balalamırlar. Həmin yer isə Loszyuysun – qatırcığaz doğulan kənd adlanır. Bu adı həmin yerə sonralar veriblər.

Elə bu vaxt Exyan özünü yetirdi. Kiçik bacısının başına gələn macəralardan xəbər tutan Exyan arabadan düşdü, Nyuyinin əlindən tutub öz arabasına mindirdi. Onlar Şunyunun hüzuruna birlikdə yollandılar.

Şun isə onların ikisi ilə də evləndi, bacıları fərqləndirmədi: birinə baş arvad, digərinə kiçik arvad, birinə arvad, digərinə kəniz demədi. Bacılar var gücləri ilə Şunun Yer üzünü idarə eləməsinə köməklik göstərir və insanlara xeyirxahlıqlar edirdilər.