Yarımçıq nağıl
Yarımçıq nağıl Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir arat-maldar1 nağıla qulaq asmağı sevirdi. Bir dəfə qaranlıq
payız axşamlarından birində onun yurduna bir bətərçi2 gəldi
və gecələməyə yer istədi.
Ev sahibi dayanıb öz-özünə fikirləşdi: “Əgər bətərçini yanımda saxlasam, gərək ona yemək verəm. Ancaq bir iş də var ki, çoxlu maraqlı nağıl eşidəcəyəm. Onu qovsam, onda bu keyfdən məhrum olaram”.
Bətərçi isə qapının ağzında sakitcə dayanıb ev yiyəsinə dedi:
– Sizin mal-qaranız kök, otlağınız bol olsun!
“Aha – deyə ev yiyəsi düşünür – səyyah tozun-torpağın içindədir, görünür ki, uzaqdan gəlir, yəqin yolda çox şey görüb-eşitmiş olar. Qoy gecəni qalsın, görək nə olur!”
O, bətərçini içəri buraxıb ona gecələməyə yer verdi. Qonağın qabağına yemək qoymaq əvəzinə ondan xahiş eləməyə başladı ki, bir şey danışsın.
Bətərçi dedi:
– Mən çox əhvalatlar bilirəm, ancaq indi şam yeməyinədək vaxtı deyil.
Qonağa şam yeməyi verməli oldu. Ev sahibi kasaya ətli xəmiraşı tökdü, ancaq ətə simiclik elədi, kasanın içində kiçik parça ət var idi.
Bətərçi əvvəlcə dinməzcə oturub xörəyi yeyirdi, sonra birdən elə qışqırdı ki, az qaldı boğazı yırtılsın:
– Salam!
Ev sahibi təəccübləndi:
– Sən kiminlə salamlaşırsan, burada bizim ikimizdən başqa heç kəs ki, yoxdur?
Bətərçi ona dedi:
– Eh, mən kasada ət parçasına rast gəldim, onunla salamlaşıram.
Ev sahibi barmağını dişlədi, seçib bətərçinin kasasına bir parça da (ən yavan) ət saldı, özü üçün isə yağlı bir tikə seçib saldı.
Onlar xörəklərini yeyə-yeyə söhbət də edirdilər.
– Bu il otlaqlar necədir? – deyə ev sahibi soruşur.
– Hər cürü var. Bax, beləsi də var, – deyə bətərçi ev sahibinin qabağındakı quyruqlu əti göstərdi, – beləsi də var, – öz qabındakı yavan tikəni göstərdi.
Yeməkdən sonra ev sahibi qonaqdan xahiş eləməyə başladı ki, nağıl danışsın, bətərçinin isə nağıl danışmağa heç həvəsi gəlmirdi.
– Uzun yol gələn adam üçün yatmaq nəyə desən dəyər!
Odur ki, bətərçi dedi:
– Yerimizin içində danışmaq yaxşıdır.
Ev sahibi qonaq üçün yer saldı. Soyunub yerlərinə girdilər.
– Ancaq sən uzun bir nağıl başla ha! – deyə ev sahibi ondan xahiş elədi.
– Lap ən uzununu! – deyə bətərçi gülümsünüb cavab verdi:
– Yer üzündə xan Qarid adlı bir quş padşah vardı. O, bir dəfə eşitdi ki, uzaqda dənizlər arxasında qiymətli bir daş vardır. Bu daş insanlara daim cavanlıq verir. O, bu daşı ələ keçirmək istədi, hazırlaşıb yola çıxdı...
Qonaq bura çatanda susdu.
– Hə, dalı nə oldu? – deyə ev sahibi onu tələsdirdi.
– Bilmirəm, – deyə nağılçı ona cavab verdi, – o ancaq təzə uçub gedib.
– Bəs indi o haradadır?
– O lap azca uçub.
İkisi də susdu.
– Bəs, indi? – deyə ev sahibi yenə də soruşdu.
– E-e! – deyə bətərçi cavab verdi, – hələ yolun yarısını uçub!
– Bəs nə vaxt gedib ora çatar? – deyə ev sahibi; səbirsizliklə soruşdu.
– Hələ bu tezlikdə çatmaz... Axı yol uzaqdır. Yaxşısı budur gəl yataq.
Bətərçi böyrü üstə çevrilib bərk yuxuya getdi. Acgöz ev sahibi isə nağılsız qaldı.