Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör

(Yarımı ayırdı məndən çərxi-qəddar,iştə gör səhifəsindən istiqamətləndirilmişdir)
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör
Müəllif: İmadəddin Nəsimi
Mənbə: Nəsimi. "İraq divanı".

Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör!
Ürəyim pas oldu qəmdən, gəl içim yar, iştə gör!

Yaxdı, yandırdı məni, yarın fərağı, neyləyim,
Taqətim, səbrim tükəndi, yanıram zar, iştə gör!

Dərdimin dərmanı sənsən, çarə kimdən istəyim,
Çarəsi səndədir anın, çaru naçar, iştə gör!

Doğradı qəmdən fəraqin bağrımı, şol yarədən,
Ürəyim qanı gözümdən axar, ey yar, iştə gör!

Ey güli-xəndanım, axır pərdədən çıx, qönçətək,
Kim, məni şövqündə məcruh eylədi xar, iştə gör!

Aşiqin imanı yüzündür, saçın həblülmətin,
Mən yüzünü tutmuşam, belimdə zünnar, iştə gör!

Gər "ənəlhəq" söyləməkdən darə asılsam nə qəm,
Necə Mənsurun asılmış başı bərdar, iştə gör!

Canımı,"anəstunar"-ın şövqinə yandırma kim,
Olmuşam Musa kimi muştaqi-didar, iştə gör!

Arizin vərdi cinandır, bülbülün ruhil-qüdüs,
Ey bu dərdin aşiqi, açıldı gülzar, iştə gör!

Ta səni təqdiri-yəzdan eylədi məndən cüda,
Yandırır şövqün məni, ey yüzü gülnar, iştə gör!

Çün Nəsiminin vücudin birinə yandırdı yar,
Narə düşmüşdür həsəddən bunca əğyar, iştə gör!