Yarım mənə vədə verdi
Yarım mənə vədə verdi Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Yarım mənə vədə verdi,
Dedi, gəl gəz buralarda.
Qara bağrım şan-şan oldu,
Sızıldaşır yaralar da.
Siyah zülfün beldən aşır,
Süsən sünbülə dolaşır,
Gözəllik sənə yaraşır,
Dur, dolanaq aralarda.
Abbas ilə xoş danışan,
Ağ üzündə danə nişan,
Kəklik kimi qaqqıldaşan,
Qaqqıldaşar haralarda?