Aşıq Şenlik:
Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
Eşidib vəsvi-halım, cavabını bilsən, yar.
Qəflətən gördüm səni, məsd oldu didəm nuru,
Bu ziyada qəmər olmaz elə bildim günsən yar.
Şair Nəbi:
Şairə rəhmin gəlib bir danışıb gülsən yar,
Çox çəkirəm həsrətini, xəyalımı bilsən, yar.
Boyun bənzər sürahiyə, lalələr şəbnəmsən,
Seyr edək ol qamətə, qarşımızda qalsan, yar.
Aşıq Şenlik:
Şox tutub qiyğac baxışın az qalır əqlim ala,
Sızıldaşır əzalarım, vücudum gəlir dilə.
Yanar-yanar atəşinə, sonra da dönər külə,
Gecə-gündüz leylü nahar intizarım sənsən, yar.
Şair Nəbi:
Bu bağçanın bülbülüyəm, göz dikmişəm bir gülə,
Dolandı çərxi gərdiş, zəmanam keçdi belə.
Yanıram atəşinə, necə ki, Kərəm, Lələ,
Həsrətəm didarına, xəyalımı bilsən, yar.
Aşıq Şenlik:
Səfil Şenlik eşqə düşüb, yanında şərməndədi,
Könül xəstə, dil şikəstə, eşq atəşi candadı,
Camalına bənd olmuşam, ixtiyarım səndədi,
Gecə-gündüz, leyli-nahar intizarım sənsən, yar.
Şair Nəbi:
Şair Nəbi eşq ucundan sanki dönüb ümmana,
Xilaf eylər xam xəyalım, bax sərimdə dumana,
Açılıb hüsnün şoxu, bənzər huri-qılmana,
Gözüm görüb, könlüm sevib, haq yaradan qulsan, yar.