Yar andı
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.


Can bir olub oynayasan, güləsən,
O gündən ki, əhdü-peyman yarandı.
Müqəddəsdir, toxunulmaz saxlasan,
Düz ilqarlı, qədir bilən yar andı.

Əyri yoldan qaçaq olar mərdana,
Pis atadan qeyrətlidir mərd ana.
Arlı adam sözün deyər mərdana,
Arsız kimə işi düşsə yarandı.

Məmmədhüseynin saf eşqilə saz dinər,
Xəstə olsa, dönüb olar saz, dinər.
Qəlbindəki xoş avazlı saz dinər,
Desələr ki, bu qapını yar andı.