Yar asa səni
Müəllif: Aşıq Alı
dodaqdəyməz cığalı təcnis
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Yaxşi aşiq, çalış yaxşı yara yet,
Sağaldar, cəsədin yarasa, səni.
Aşiq, yar asa səni,
Saysa yar “a”sa səni.
Kaş nazənin, xanəndə
Sana yarasa səni.
Lisanı şirinsə gərdişi sərin,
Yaxşıdı şəstindən yar asa səni.

Ərşdən gərdəninə qəddarə salsa,
Qəhrə qərq eyləyər qədd dara salsa.
Aşiqsən dara salsa,
Yar səni dara salsa.
Dərdə salsa, yar salsın,
Nə glər dara salsa.
Haqq işin alyanan qəddara salsa,
Qailsən sər yana yarasa səni.

Yar desə sən aya, aya sən yarı,
Cananlar içində aya sən yarı.
Aşiqsənsə, sən yarı,
Əsil aqil san yarı.
Sinnin çatdı əlliyə,
Gərdişində sən yarı.
Alı, al dəstinə ay asan yarı
Şad eylər dərdinə yarasa səni.