Yar qılmazsa mənə cövrü cəfadən qeyri

Yar qılmazsa mənə cövrü cəfadən qeyri
Müəllif: Məhəmməd Füzuli


Yar qılmazsa mənə cövrü cəfadən qeyri,
Mən ona eyləməzəm mehrü vəfadən qeyri.

Ey deyən: "qeyrə könül vermə", qanı məndə könül,
Səri-zülfündə olan bəxti-qəradən qeyri?

Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli,
Doymadı dərdə, məni-bisərü padən qeyri.

Mişki-Çin zülfün ilə eyləsə dəva nə əcəb,
Nə olur üzü qara qulda xətadən qeyri?

Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin
Var bir canə yarar feyzi, bəqadən qeyri.

Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin,
Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.

Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi,
Qılalım səbr, nədir çarə rizadən qeyri?