Yara mən
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Keçdi aylar, gəldi dolandı illər,
Heç bilmədim nə söylədim yara mən.
Sayil olub küçə-küçə gəzmişəm,
Dərddən bağlamışam başa qara mən.

Piyalalar məclisində sağıdı,
Səbəb nədi hər kəs bizə yağıdı,
Beş barmağım bal eyləsəm ağıdı,
Gen dünyada düşdüm nə pis dara mən.

Məhəmmədəm, işim yoxdu hər işdə,
Çərxi-fələk verməz mənə səriştə,
Dilbər hər gün səfalarda, gülüşdə,
Yanar oldum bu dünyada nara mən.