Yara qal indi
Yara qal indi Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.338 |
Könlüm çox istədi yarı göreydi,
Yaraşarmı qoyxa yara, qal indi.
Çəkə bu dərdimi - yarı göreydim,
Ölsəm barı sala, yar, a qal indi.
Gör sinəmdə belə yar arı dağlar,
Sızıldar bal deyin yar, arı, dağlar.
Sən bəslə yar üçün yar arı dağlar,
Səfalı yaylaqlar, yara qal, indi.
Tifl olan büsatın hər ay əmməni,
Qafreyi-teyi, nə hər ayəm məni.
Gətirmə naleyə, harayəm məni,
Daha sağlığınan, yara qal indi.
Qurban yandı şəmin ayağı kimi,
Niyə kəc baxırsan, a yağı kimi.
Siyah zülfün çalıb a yağı kimi,
Ürəkdə yadigar yara qal indi.