Yara yar
Müəllif: Aşıq Alı
dodaqdəyməz cığalı təcnis
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Qəddah qəhr eyləsə, dərdi sər artar,
Sədasından həsrət qalar yara yar.[1]
Aşiq sənsən yara yar,[2]
Dərd səddini yar, a yar.[3]
Tənha qalan haraylar,
Dada yetiş, yar, a yar.[4]
Hədyan ərz eyləsə nadan lisanı,[5]
Sadiq qalar sənə aqil yar ayar.[6]

Dərdikeş qayəsi dərdə sarıdı,[7]
Əyirdi dərdləri dərdə sarıdı.[8]
Aşiq dərdə sarıdı,[9]
Dərd əsiri sarıdı.[10]
Qəsrin şahə layiqdi,
Nədən rəngi sarıdı?[11]
Canansız xanələr dərd əsarıdı,[12]
Əhli-hallar yar dərdinə yarayar.[13]

Qəhrin sədasına tərsalar ağlar,[14]
Can naçar qalanda, tər salar ağlar.[15]
Aşiq tər salar, ağlar,
Yaylıq tər salar, ağlar.[16]
Haqqına ar alana,[17]
Desən, tərs alar, ağlar.[18]
Alı yaddan çara tərs alar, ağlar,[19]
Yar yaranda, sayalanar yara, yar.[20]

İzahlar

redaktə
  1. yarın yardan ayrı düşməsi
  2. sən aşiqin yarısan
  3. yarmaq, dağıtmaq
  4. yara müraciət
  5. nadan dedi-qodusunu yayanlara inanmayan
  6. yar səni başa düşər, anlayar-ayar
  7. dərd çəkənin yönü dərdə tərəfdi-sarıdı
  8. dərdin üstünə dərd gətirdi-sarıdı
  9. aşiq dərdə meillidi-sarıdı
  10. dərd çəkənin rəngi sarıdı
  11. rəngi niyə sarı rəngdədi
  12. dərd bazarı-əsarıdı
  13. yarayar-kömək edər
  14. tufandan, qiyamətdən Yaradana inanmayan, naümidlər
  15. dəhşətə gələr, qorxarlar, inananlar Tanrıdan kömək diləyər. dərdinə əlac tapmayan düşünməkdən, hərarətdən tərləyər
  16. Yaylıqla təri silərkən sarı ləkə -tər salar, islanar, sıxanda
  17. su tökülər-ağlar
  18. şərxətərə öyüd versən, tərs anlayar-hikməti dərk etməz
  19. canı yanmayan dərdinin çarəsini tərs deyər-qurtarmazsan
  20. ağlarsan-əzab çəkərsən. yara-sayalanar-qurtarar