Bu səhifədə iş davam etməkdədir.

Müdaxilə etməyə tələsməyin!

  • Əgər mətn yarımçıq qalıbsa, mətni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində mətn üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • Redaktələrinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu şablon 7 gündən çox redaktə edilməyən mətnlərdən silinə bilər.

Bu məqalə sonuncu dəfə Patriot Kor tərəfindən redaktə olundu. 5 ay əvvəl. (Yenilə)
Tövrat. Yaradılış
Müəllif: Musa peyğəmbər
Çıxış
Sister Projects. Həmçinin baxın: Haqqında •


Fəsillər

redaktə
  1. Başlanğıcda Allah göyü və yeri yaratdı.
  2. Yer quruluşsuz və boş idi, dərin suların üzərində qaranlıq hökm sürürdü; Allahın ruhu[a] suların üzərində hərəkət edirdi.
  3. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.
  4. Allah gördü ki, işıq yaxşıdır. O, işıqla qaranlığı bir-birindən ayırdı.
  5. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər oldu. Bu, birinci gün idi.
  6. Allah dedi: «Qoy suların arasında fəza olsun və onları iki yerə ayırsın».
  7. Allah fəzanı yaratdı və onun altındakı suları üstündəki sulardan ayırdı. Belə də oldu.
  8. Allah fəzanı «göy» adlandırdı. Axşam oldu, səhər oldu. Bu, ikinci gün idi.
  9. Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın və quru görünsün». Belə də oldu.
  10. Allah qurunu «yer», bir yerə yığılmış suları isə «dəniz» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
  11. Sonra Allah dedi: «Qoy yerdə ot-ələf, toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitsin». Belə də oldu.
  12. Yerdə ot-ələf, növünə görə toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitdi. Allah gördü ki, bu, yaxşıdır.
  13. Axşam oldu, səhər oldu. Bu, üçüncü gün idi.
  14. Sonra Allah dedi: «Qoy gündüzü gecədən ayırmaq üçün göydə işıq saçan cisimlər peyda olsun. Onlar bir əlamət olub fəsilləri, günləri, illəri göstərsinlər.
  15. Qoy onlar göydən yerə işıq saçsınlar». Belə də oldu.
  16. Allah işıq saçan iki iri göy cismi düzəltdi, böyüyünü gündüzə hökm etmək üçün, kiçiyini isə gecəyə hökm etmək üçün; O həmçinin ulduzları düzəltdi.[b]
  17. Allah onları göydə yerləşdirdi ki, yerə işıq saçsınlar,
  18. gündüzlə gecəyə hökm etsinlər və işığı qaranlıqdan ayırsınlar. Allah gördü ki, bu, yaxşıdır.
  19. Axşam oldu, səhər oldu. Bu, dördüncü gün idi.
  20. Sonra Allah dedi: «Qoy sular canlılarla dolsun və göy üzündə qanadlı məxluqlar uçsun».
  21. Allah nəhəng dəniz heyvanlarını, cinsinə görə sularda qaynaşan canlıları və cinsinə görə hər cür qanadlı məxluqu yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
  22. Allah onlara xeyir-dua verib dedi: «Törəyib çoxalın və dəniz sularını doldurun, qoy qanadlı məxluqlar da yer üzündə çoxalsın».
  23. Axşam oldu, səhər oldu. Bu, beşinci gün idi.
  24. Sonra Allah dedi: «Qoy yer cinsinə görə canlılar — ev heyvanları, vəhşi heyvanlar və sürünən heyvanlar[c] əmələ gətirsin». Belə də oldu.
  25. Allah cinsinə görə vəhşi heyvanları, cinsinə görə ev heyvanlarını və cinsinə görə sürünən heyvanları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
  26. Sonra Allah dedi: «Bizə bənzəyən[d] insan yaradaq, qoy o, dənizdəki balıqlara, göydəki qanadlı məxluqlara, ev heyvanlarına, bütün yer üzünə və yer üzündə sürünən heyvanların hamısına hökmranlıq etsin».
  27. Beləliklə, Allah insanı Öz bənzərində, Özünə oxşar yaratdı, onları kişi və qadın olaraq yaratdı.
  28. Sonra Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun. Dənizdəki balıqların, göydəki qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin».
  29. Sonra Allah dedi: «Bütün yer üzündəki toxum verən bitkilərin və tumlu meyvələri olan ağacların hamısını sizə verirəm. Onlarla qidalanın.
  30. Bütün vəhşi heyvanlara, göydəki bütün qanadlı məxluqlara, yerdəki digər canlılara isə yem olaraq bütün yaşıl bitkiləri verirəm». Belə də oldu.
  31. Bundan sonra Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır. Axşam oldu, səhər oldu. Bu, altıncı gün idi.
  1. Beləliklə, göyün, yerin və onlarda olan hər şeyin yaradılışı başa çatdı.
  2. Allah yeddinci günə qədər işlərini görüb qurtardı, yeddinci gün isə iş görməyib istirahət etməyə başladı.
  3. Allah yeddinci günü mübarək qıldı və onu müqəddəs elan etdi, çünki niyyət etdiyi hər şeyi yaradıb həmin gün istirahət etməyə başlamışdı.
  4. Bu, Yehova[e] Allahın yeri və göyü yaratdığı gün onların meydana gəlmə tarixçəsidir.
  5. Yerdə hələ nə bir kol, nə başqa bir bitki bitmirdi, çünki Yehova Allah yer üzünə yağış yağdırmamışdı, torpağı becərməyə insan da yox idi.
  6. Lakin yerdən buxar qalxırdı və bunun sayəsində torpaq sulanırdı.
  7. Yehova Allah torpaqdan insanı yaratdı və onun burnuna həyat nəfəsi üfürdü, beləcə, insan canlı varlıq oldu.
  8. Yehova Allah şərqdə, Ədəndə bir bağ saldı və yaratdığı insanı oraya qoydu.
  9. Yehova Allah yerdə gözəl görünüşlü və yeməli meyvələri olan cürbəcür ağaclar, həmçinin bağın ortasında həyat ağacı və xeyirlə şəri bilmə ağacı bitirdi.
  10. Ədəndən bir çay axıb bağı sulayırdı, sonra isə dörd qola ayrılırdı.
  11. Birincisinin adı Pişondur. O, qızıl çıxan bütün Həvilə torpağını dolanaraq axır.
  12. O torpağın qızılı yaxşı qızıldır. Orada həmçinin ətirli qatran və damarlı əqiq daşı var.
  13. İkinci çayın adı Gihondur. O, bütün Kuş diyarını dolanaraq axır.
  14. Üçüncü çayın adı Dəclədir. Bu, Aşşurdan şərqdə axan çaydır. Dördüncü çay isə Fəratdır.
  15. Yehova Allah insanı Ədən bağında məskunlaşdırdı ki, bağı becərsin və ona qulluq etsin.
  16. Yehova Allah insana belə bir əmr də verdi: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən.
  17. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
  18. Sonra Yehova Allah dedi: «İnsanın tək olması yaxşı deyil. Onun üçün onu tamamlayan bir köməkçi yaradacağam».
  19. Yehova Allah torpaqdan vəhşi heyvanları, göydəki qanadlı məxluqları yaradırdı; onları insanın yanına gətirməyə başladı ki, görsün onları necə adlandıracaq. İnsan canlılara nə ad verirdisə, onlar elə də adlanırdı.
  20. Beləliklə, insan bütün ev heyvanlarına, göydəki qanadlı məxluqlara və bütün vəhşi heyvanlara ad qoydu. Lakin insan üçün münasib bir köməkçi tapılmadı.
  21. Buna görə də Yehova Allah insanı dərin yuxuya qərq etdi. O, yuxuda ikən qabırğasından birini götürdü və yerini dəri ilə örtdü.
  22. Sonra Yehova Allah insandan götürdüyü qabırğadan qadını yaratdı və onu insanın yanına gətirdi.
  23. İnsan dedi: «Nəhayət, sümüyü sümüyümdən, Bədəni bədənimdən olan biri... Onun adı Qadın olacaq, Çünki kişidən yaradılıb[f]»
  24. Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq.
  25. Onların hər ikisi, kişi də, arvadı da çılpaq idi, ancaq bundan utanmırdılar.
  1. İlan Yehova Allahın yaratdığı bütün vəhşi heyvanlardan ən ehtiyatlısı[g] idi. O, qadından soruşdu: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?»
  2. Qadın ilana cavab verib dedi: «Bağdakı ağacların meyvəsindən yeyə bilərik.
  3. Ancaq bağın ortasındakı ağac haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!”».
  4. İlan qadına dedi: «Yox, əsla ölməzsiniz.
  5. Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».
  6. Qadın gördü ki, ağacın meyvəsi yaxşıdır və gözə xoş görünür, ağaca baxdıqca baxmaq istəyirsən. Beləcə, onun meyvəsindən götürüb yedi. Sonra əri yanında olanda ona da verdi və o da yedi.
  7. Bu zaman hər ikisinin gözləri açıldı və çılpaq olduqlarını başa düşdülər. Buna görə də əncir yarpaqlarını bir-birinə tikib özləri üçün fitə düzəltdilər.
  8. Sonra insan ilə arvadı günün sərin vaxtında bağda gəzən Yehova Allahın səsini eşitdilər və bağdakı ağacların arasına girib Yehova Allahdan gizləndilər.
  9. Yehova Allah: «Haradasan?» — deyə səsləyib insanı çağırırdı.
  10. Nəhayət, o dilləndi: «Bağda Sənin səsini eşitdim, ancaq çılpaq olduğum üçün qorxub gizləndim».
  11. Onda Allah soruşdu: «Çılpaq olduğunu sənə kim dedi? Meyvəsini yeməməyi əmr etdiyim ağacdan yemisən?»
  12. İnsan cavab verib dedi: «Sənin mənə verdiyin qadın — o, mənə ağacın meyvəsindən verdi, mən də yedim».
  13. Yehova Allah qadına dedi: «Neyləmisən?!» Qadın cavabında dedi: «İlan məni aldatdı, mən də yedim».
  14. Onda Yehova Allah ilana dedi: «Bunu etdiyin üçün bütün ev heyvanlarının və bütün vəhşi heyvanların içində lənət sahibi olursan. Qarnın üstə sürünəcəksən və bütün ömrün boyu torpaq yeyəcəksən.
  15. Səninlə qadın arasına, sənin övladınla[h] onun övladı arasına düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan».
  16. Qadına dedi: «Hamiləlik ağrılarını artırdıqca artıracağam, ağrı içində uşaq doğacaqsan. Ərinə böyük ehtiyacın olacaq, o da sənə ağalıq edəcək».
  17. Adəmə isə dedi: «Arvadının sözünə qulaq asdığın, meyvəsindən yeməməyi tapşırdığım ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir. Bütün ömrün boyu əzab-əziyyətlə ondan məhsul götürəcəksən.
  18. Torpaq sənə tikan və qanqal bitirəcək, çöldəki bitkilərlə qidalanacaqsan.
  19. Alın tərinlə çörək yeyib axırda torpağa qayıdacaqsan, çünki ondan yaradılmısan.
  20. Torpaqsan, torpağa da qayıdacaqsan».
  21. Bundan sonra Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası olacaqdı.
  22. Yehova Allah Adəmlə arvadı üçün dəridən uzun paltar düzəltdi ki, əyinlərinə geyinsinlər.
  23. Sonra Yehova Allah dedi: «İnsan xeyirlə şəri bilməkdə bizim kimi oldu.
  24. İndi isə əl uzadıb həyat ağacının meyvəsindən də dərib yeməsin və əbədi yaşamasın deyə...»
  25. Bu sözlərlə Yehova Allah onu Ədən bağından qovdu ki, yaradıldığı torpağı əkib-becərsin.
  26. Beləliklə, O, insanı qovdu və həyat ağacına gedən yolu qorumaq üçün Ədən bağının şərqində kərrublar və aramsız fırlanan yanar qılınc qoydu.
  1. Adəm arvadı Həvva ilə yaxınlıq etdi. O da hamilə qalıb Qabili doğdu və dedi: «Yehovanın köməyi ilə dünyaya insan gətirdim».
  2. Sonra o, yenə hamilə qalıb Qabilin qardaşı Habili dünyaya gətirdi.Habil çoban oldu, Qabil isə əkinçi.
  3. Bir gün Qabil torpağın məhsulundan Yehovaya bəxşiş gətirdi.
  4. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini piyi ilə birlikdə Yehovaya təqdim etdi. Yehova Habildən və onun bəxşişindən razı qaldı,
  5. lakin Qabildən və onun gətirdiyi bəxşişdən razı qalmadı. Qabil bərk qəzəbləndi, qaş-qabağını salladı.
  6. Onda Yehova Qabilə dedi: «Niyə qəzəblənib qaş-qabağını salladın?
  7. Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan? Ancaq belə etməsən, onda bil ki, yolunun üstündə günah pusqu qurub, o, səni ələ keçirmək istəyir. İndi nə edəcəksən, ona üstün gələcəksən?»
  8. Bundan sonra Qabil qardaşı Habilə dedi: «Gəl çölə gedək». Onlar çöldə olanda Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.
  9. Bir qədər sonra Yehova Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O cavab verdi: «Bilmirəm. Məgər mən qardaşımın keşikçisiyəm?»
  10. Onda Allah dedi: «Sən nə etdin? Qardaşının qanı torpaqdan Mənə fəryad edir!
  11. İndi sən lənətlənirsən və torpaqdan qovulursan, o torpaqdan ki ağzını açıb sənin əlində ölən qardaşının qanını udub.
  12. Torpağı becərəndə o, sənə məhsul verməyəcək. Yer üzündə avara, sərgərdan dolaşacaqsan».
  13. Qabil Yehovaya dedi: «Verdiyin cəza gücümdən artıqdır.
  14. İndi məni bu torpaqdan qovursan. Artıq hüzuruna çıxa bilməyəcəyəm. Yer üzündə avara, sərgərdan dolaşacağam, kimin rastına çıxsam, məni tutub öldürəcək».
  15. Onda Yehova ona dedi: «Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Yehova Qabil üçün bir əlamət verdi ki, onunla rastlaşan heç kim onu öldürməsin.
  16. Beləliklə, Qabil Yehovanın hüzurundan getdi və Ədəndən şərqdə yerləşən Nod diyarında məskən saldı.
  17. Qabil arvadı ilə yaxınlıq etdi. O da hamilə qalıb Hənuqu doğdu. Sonra Qabil bir şəhər salıb ona oğlu Hənuqun adını verdi.
  18. Bir müddət sonra Hənuqun İrad adında bir oğlu oldu. İradın Məhuyail, Məhuyailin Mətuşail, Mətuşailin isə Ləmek adında oğlu oldu.
  19. Ləmek iki arvad aldı: birinin adı Adah, o birinin adı Zillah idi.
  20. Adahdan Yabal oldu. O, çadırda yaşayıb maldarlıqla məşğul olan ilk adam oldu.
  21. Onun qardaşının adı Yubal idi. O, çəng və tütək çalan ilk adam oldu.
  22. Zillahdan isə Tubal-Qayin oldu. O, mis və dəmirdən hər cür alət düzəldirdi. Tubal-Qayinin bacısının adı Nəama idi.
  23. Ləmek arvadları Adah və Zillah üçün belə bir şeir qoşdu: «Ey Ləmekin arvadları, eşidin səsimi, Sözümə qulaq verin: Məni yaraladığı üçün bir adam öldürdüm, Məni vurduğu üçün bir cavan öldürdüm
  24. Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa, Ləmek üçün yetmiş yeddi qat alınacaq»
  25. Adəm yenə arvadı ilə yaxınlıq etdi, o da bir oğlan doğdu və «Qabil Habili öldürdü, Allah da onun yerinə mənə başqa bir övlad verdi» deyərək adını Şeys qoydu.
  26. Şeysin də oğlu oldu, adını Ənuş qoydu. Həmin vaxt insanlar Yehovanın adını çəkməyə başladılar.
  1. Adəmin tarixçəsi belədir. Allah Adəmi yaradanda onu Özünə bənzər yaratdı.
  2. Onları kişi və qadın olaraq yaratdı. Yaratdığı gün onlara xeyir-dua verdi və onları «insan» adlandırdı.
  3. Adəm 130 yaşında olanda özünə bənzər oğlu oldu və adını Şeys qoydu.
  4. Şeys doğulandan sonra Adəm 800 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  5. Adəm 930 il ömür sürüb öldü.
  6. Şeys 105 yaşında olanda Ənuş adlı oğlu oldu.
  7. Ənuş doğulandan sonra Şeys 807 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  8. Şeys 912 il ömür sürüb öldü.
  9. Ənuş 90 yaşında olanda Qinan adlı oğlu oldu.
  10. Qinan doğulandan sonra Ənuş 815 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  11. Ənuş 905 il ömür sürüb öldü.
  12. Qinan 70 yaşında olanda Məhlail adında oğlu oldu.
  13. Məhlail doğulandan sonra Qinan 840 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  14. Qinan 910 il ömür sürüb öldü.
  15. Məhlail 65 yaşında olanda Yarəd adında oğlu oldu.
  16. Yarəd doğulandan sonra Məhlail 830 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  17. Məhlail 895 il ömür sürüb öldü.
  18. Yarəd 162 yaşında olanda Hənuq adında oğlu oldu.
  19. Hənuq doğulandan sonra Yarəd 800 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  20. Yarəd 962 il ömür sürüb öldü.
  21. Hənuq 65 yaşında olanda Mətuşələh adında oğlu oldu.
  22. Mətuşələh doğulandan sonra Hənuq 300 il Allahın yolu ilə yeridi. Onun başqa oğul və qızları da oldu.
  23. Hənuq 365 il yaşadı.
  24. Hənuq Allahın yolu ilə gedirdi. Sonra o qeyb oldu, çünki Allah onu apardı.
  25. Mətuşələh 187 yaşında olanda Ləmek adında oğlu oldu.
  26. Ləmek doğulandan sonra Mətuşələh 782 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  27. Mətuşələh 969 il ömür sürüb öldü.
  28. Ləmek 182 yaşında olanda bir oğlu oldu.
  29. «Bu uşaq Yehovanın lənətlədiyi torpağa görə çəkdiyimiz əziyyəti və əlimizin zəhmətini yüngülləşdirəcək» deyərək onun adını Nuh qoydu.
  30. Nuh doğulandan sonra Ləmek 595 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  31. Ləmek 777 il ömür sürüb öldü.
  32. Nuh 500 il yaşayandan sonra onun Sam, Ham və Yafəs adında üç oğlu oldu.
  1. İnsanlar yer üzündə çoxalmağa başladı. Onların qızları oldu.
  2. Həmin vaxt Allah oğulları insan qızlarına fikir verməyə başladılar və gördülər ki, çox gözəldirlər. Onlar bəyəndikləri qızları özlərinə arvad etməyə başladılar.
  3. Onda Yehova dedi: «Mən ətdən-qandan olan insana sonsuzadək dözməyəcəyəm. Onun ömrünə yüz iyirmi il qalıb».
  4. O günlərdə və sonralar yerdə nəhəng adamlar yaşayırdı. Həmin vaxt Allah oğulları insan qızları ilə yaxınlıq edirdi və onlar oğullar dünyaya gətirirdilər. Bunlar qədim dövrün güclü, məşhur adamları idi.
  5. Yehova gördü ki, yer üzündə insanlar tamam pozulub, ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyillidir.
  6. Yehova yer üzündə insanları yaratdığına təəssüf etdi və kədərləndi.
  7. Buna görə də Yehova dedi: «Yaratdığım insanları yer üzündən yox edəcəyəm; insanları da, ev heyvanlarını da, göydəki qanadlı məxluqları da, sürünən heyvanları da məhv edəcəyəm, çünki onları yaratdığıma peşman olmuşam».
  8. Nuh isə Yehovanın gözündə rəğbət qazanmışdı.
  9. Nuhun tarixçəsi belədir.Nuh saleh insan idi. Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi.
  10. Sonralar Nuhun Sam, Ham və Yafəs adında üç oğlu oldu.
  11. Dünya Allahın gözündə dağılıb gedirdi. Yer üzü zorakılıqla dolmuşdu.
  12. Allah yerə baxıb gördü ki, dünya dağılıb gedir, çünki bütün insanlar yolunu azmışdı.
  13. Allah Nuha dedi: «Artıq bütün insanların sonu çatıb, çünki onların ucbatından yer zorakılıqla dolub; onları da, yer üzünü də məhv edəcəyəm.
  14. Qatran ağacından özünə gəmi düzəlt. Gəmidə otaqlar düzəlt. Ona içəridən və bayırdan qatran çək.
  15. Gəmini belə düzəltməlisən: onun uzunluğu üç yüz qulac,[i] eni əlli qulac, hündürlüyü otuz qulac olmalıdır.
  16. Gəminin yuxarısından bir qulac aşağıda pəncərə qoyarsan, qapısı isə yan tərəfdən olsun. Gəminin birinci, ikinci və üçüncü mərtəbəsi olmalıdır.
  17. Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında olan bütün canlılar məhv olsun. Yerdəki hər şey tələf olacaq.
  18. Səninlə isə əhd bağlayıram; sən, oğulların, arvadın və gəlinlərin birlikdə gəmiyə minərsiniz.
  19. Hər növ canlı varlıqlardan bir cüt — bir erkək, bir dişi seçib gəmiyə gətir ki, səninlə birlikdə onlar da sağ qalsın.
  20. Qanadlı məxluqların hər cinsindən, ev heyvanlarının hər cinsindən və sürünən heyvanların hər cinsindən bir cütü sağ qalmaq üçün gəmiyə, sənin yanına gələcək.
  21. Sən isə bütün yeməli şeylərdən yığıb götür ki, həm özünün, həm də heyvanların yeməyi olsun».
  22. Nuh Allahın bütün tapşırıqlarını yerinə yetirdi. Ona necə deyilmişdisə, elə də etdi.
  1. Bundan sonra Yehova Nuha dedi: «Ailənlə birlikdə gəmiyə gir, çünki bu zəmanənin adamları içində səni saleh gördüm.
  2. Özünlə hər pak heyvandan erkəkli-dişili yeddi baş[j], napak heyvandan isə iki baş, bir erkək, bir dişi götür.
  3. Həmçinin göydəki qanadlı məxluqlardan da erkəkli-dişili yeddisini[k] götür. Beləcə, bu canlıların nəsli kəsilməyəcək və onlar bütün yer üzünə yayılacaqlar[l].
  4. Çünki düz yeddi gündən sonra elə edəcəyəm ki, yer üzünə qırx gün-qırx gecə yağış yağacaq; yaratdığım bütün canlı varlıqları yer üzündən yox edəcəyəm».
  5. Nuh Yehovanın tapşırdığı hər işi yerinə yetirdi.
  6. Yer üzündə daşqın olanda Nuh altı yüz yaşında idi.
  7. Daşqın başlamazdan əvvəl Nuh oğulları, arvadı və gəlinləri ilə birlikdə gəmiyə mindi.
  8. Pak və napak heyvanların, qanadlı məxluqların və yer üzündəki digər canlıların hər növündən olan heyvanlar
  9. cüt-cüt, bir erkək, bir dişi Allahın Nuha əmr etdiyi kimi Nuhun yanına gəlib gəmiyə girdi.
  10. Yeddi gündən sonra yerdə daşqın oldu.
  11. Həmin gün — Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günündə göydəki əngin suların[m] bütün qaynaqları püskürdü və göyün bəndləri açıldı.
  12. Qırx gün-qırx gecə yerə leysan yağış yağdı.
  13. Elə həmin gün Nuh, oğulları Sam, Ham, Yafəs, arvadı və üç gəlini gəmiyə mindi.
  14. Hər cinsdən olan vəhşi heyvanlar, ev heyvanları və yerdəki sürünən heyvanlar, eləcə də hər cinsdən olan qanadlı məxluqlar və quşlar onlarla birlikdə gəmiyə girdi.
  15. Daxilində həyat qüvvəsi olan hər növ heyvan iki-iki Nuhun yanına, gəmiyə girdi.
  16. Beləliklə, Allahın əmr etdiyi kimi, hər növ canlı varlıqlardan erkək və dişi heyvanlar gəmiyə girdi. Yehova onların arxasınca qapını bağladı.
  17. Yer üzünə qırx gün yağış yağdı və su get-gedə çoxalıb gəmini qaldırdı. Gəmi yerdən xeyli yüksəkdə, suyun üzündə üzməyə başladı.
  18. Su çoxalıb bütün yer üzünü basdı. Gəmi isə suyun üzündə üzürdü.
  19. Su yer üzündə o qədər çoxaldı ki, səma altındakı bütün hündür dağları örtdü.
  20. Sular dağların zirvəsindən on beş qulac[n] yuxarı qalxdı.
  21. Beləliklə, yer üzündəki canlı varlıqların hamısı — qanadlı məxluqlar, ev heyvanları, vəhşi heyvanlar, qaynaşan məxluqlar, eləcə də bütün insanlar məhv oldu.
  22. Quruda yaşayan, həyat nəfəsi[o] olan varlıqların hamısı öldü.
  23. Beləliklə, Allah insandan tutmuş heyvana kimi, sürünən heyvanlara və göydəki qanadlı məxluqlara kimi bütün canlı varlıqları yer üzündən yox etdi. Onların hamısı məhv oldu; təkcə Nuh və onunla gəmidə olanlar sağ qaldı.
  24. Yer üzü yüz əlli gün suyun altında qaldı.
  1. Allah Nuha və onunla gəmidə olan bütün vəhşi heyvanlara və ev heyvanlarına nəzər saldı[p]. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı.
  2. Əngin suların qaynaqları və göyün bəndləri bağlandı, göydən yağan leysan yağış dayandı.
  3. Su çəkilməyə başladı, yüz əlli gündən sonra isə su xeyli azaldı.
  4. Yeddinci ay, ayın on yeddinci günündə gəmi Ararat[q] dağlarında dayandı.
  5. Sular onuncu aya qədər azalmağa davam etdi. Onuncu ayın birinci günü dağların zirvəsi göründü.
  6. Qırx gün keçəndən sonra Nuh gəmidə düzəltdiyi pəncərəni açıb
  7. bir quzğun buraxdı. Yer üzündə su quruyana qədər quzğun uçub geri qayıdırdı.
  8. Sonra o, suyun yer üzündən çəkilib-çəkilmədiyini öyrənmək üçün bir göyərçin buraxdı.
  9. Göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıtdı, çünki yer üzü hələ də su idi. Nuh əlini uzadıb göyərçini içəri saldı.
  10. O, daha yeddi gün gözləyib göyərçini bir də buraxdı.
  11. Göyərçin axşam uçub gələndə dimdiyində təzəcə qoparılmış zeytun yarpağı gətirdi. Bundan Nuh bildi ki, su yer üzündən çəkilib.
  12. Yeddi gün də gözləyib göyərçini bir də buraxdı, göyərçin daha onun yanına qayıtmadı.
  13. Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günündə su artıq çəkilmişdi. Nuh gəminin damındakı qapağı qaldırdı və baxıb gördü ki, torpaq quruyur.
  14. İkinci ayın iyirmi yeddinci gününə kimi isə torpaq tamamilə qurudu.
  15. Allah Nuha dedi:
  16. «Arvadın, oğulların və gəlinlərinlə birlikdə gəmidən çıx.
  17. Bütün canlıları: qanadlı məxluqları, ev heyvanlarını və yerdəki sürünən heyvanları da çıxart. Qoy onlar törəyib artsınlar, yer üzündə çoxalsınlar».
  18. Onda Nuh oğulları, arvadı və gəlinləri ilə birlikdə gəmidən çıxdı.
  19. Bütün canlılar — sürünən heyvanlar, qanadlı məxluqlar, yerin bütün heyvanları dəstə-dəstə gəmidən çıxdı.
  20. Nuh Yehovanın adına bir qurbangah düzəltdi, bütün pak heyvanlardan və bütün qanadlı pak məxluqlardan götürüb qurbangahda yandırma qurbanı kimi təqdim etdi.
  21. Yehova xoş ətri duydu. Buna görə də Yehova ürəyində dedi: «Bir də heç vaxt insana görə torpağı lənətləməyəcəyəm, çünki ağlı kəsəndən insanın ürəyi pisliyə meyilli olur. İndi elədiyim kimi bir də canlıların hamısını məhv etməyəcəyəm.
  22. Bundan sonra yer üzündə heç vaxt əkinin-biçinin, istinin-soyuğun, yayın-qışın, gecənin-gündüzün sonu olmayacaq».
  1. Allah Nuha və oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun.
  2. Yer üzündəki bütün vəhşi və digər heyvanlar, göydəki bütün qanadlı məxluqlar, dənizdəki bütün balıqlar bundan sonra da sizdən qorxub dəhşətə gələcəklər. Onları sizin ixtiyarınıza verirəm.
  3. Yerdə yaşayan bütün heyvanları yeyə bilərsiniz. Bitkilər kimi, bunların da hamısını sizə verirəm.
  4. Ancaq heyvanın ətini onun canı olan qanı ilə yeməyin.
  5. Bundan savayı, insan qanı tökən Mənə cavab verməli olacaq. Əgər hər hansı heyvan insanın ölümünə bais olarsa, o, hökmən öləcək. Kimsə hansısa adamı öldürərsə, ondan da cavab tələb edəcəyəm.
  6. Kim insan qanı tökərsə, onun da qanı insan əli ilə axıdılacaq. Çünki Allah insanı Öz bənzərində yaradıb[r].
  7. Siz isə törəyin, artıb yer üzündə çoxalın».
  8. Sonra Allah Nuha və onun oğullarına dedi:
  9. «Sizinlə və sizin nəslinizlə əhd bağlayıram.
  10. Bu əhd sizinlə olan bütün canlılara — quşlara, heyvanlara və yer üzündəki bütün canlılara, bir sözlə, gəmidən çıxan canlı varlıqların hamısına və onlardan törəyənlərə aiddir.
  11. Bəli, sizinlə əhd bağlayıram ki, bir də heç vaxt canlıların hamısını daşqınla qırmayacağam, bir də heç vaxt yer üzünü daşqınla məhv etməyəcəyəm».
  12. Allah sözünə əlavə edib dedi: «Sizinlə, bütün canlılarla və bütün gələcək nəsillərlə bağladığım əhdin nişanəsi budur:
  13. buludda Öz göy qurşağımı qoyuram. O, Mənimlə yer arasında olan əhdin nişanəsi olacaq.
  14. Mən göyün üzünə bulud gətirəndə buludda göy qurşağı peyda olacaq.
  15. Onda Mən sizinlə və bütün canlı varlıqlarla bağladığım əhdi xatırlayacağam; daha heç vaxt sular daşqın əmələ gətirib canlı varlıqların hamısını məhv etməyəcək.
  16. Buludda göy qurşağı olacaq və Mən onu görəndə yer üzündə yaşayan bütün canlı varlıqlarla bağladığım əbədi əhdi xatırlayacağam».
  17. Allah yenə Nuha dedi: «Yer üzündəki bütün canlı varlıqlarla bağladığım əhdin nişanəsi budur».
  18. Nuhun gəmidən çıxan oğulları bunlar idi: Sam, Ham və Yafəs. Sonralar Hamın Kənan adında oğlu oldu.
  19. Bu üç nəfər Nuhun oğulları idi. Bütün dünyadakı adamlar onlardan törəyərək hər yerə yayılıb.
  20. Nuh əkinçilik etməyə başladı və üzüm bağı saldı.
  21. Bir gün o, şərab içib sərxoş oldu və çadırında paltarlarını soyundu.
  22. Kənanın atası Ham atasını çılpaq gördü və gedib bunu bayırdakı iki qardaşına söylədi.
  23. Samla Yafəs bürüncək götürüb çiyinlərinə saldılar və daldalı içəri girdilər. Onlar üzləri əks tərəfə atalarının eyib yerini örtdülər, beləliklə də, onun eyib yerini görmədilər.
  24. Şərabın təsiri keçəndən sonra Nuh ayıldı və kiçik oğlunun ona nə etdiyini bildi.
  25. Onda o dedi:«Kənana lənət olsun. Qoy o, qardaşlarının qulu, köləsi olsun».
  26. Sonra sözünə əlavə edib dedi: «Samın Allahı Yehovaya alqış olsun! Kənan isə Sama qul olsun.
  27. Allah Yafəsin yurdunu geniş etsin, Qoy o, Samın çadırlarında məskən salsın. Qoy Kənan ona da qul olsun».
  28. Daşqından sonra Nuh üç yüz əlli il yaşadı.
  29. Beləliklə, Nuh doqquz yüz əlli il ömür sürüb öldü.
  1. Nuhun oğulları Sam, Ham və Yafəsin tarixçəsi belədir.Daşqından sonra onların oğulları oldu.
  2. Yafəsin oğulları bunlar idi: Gümər, Məcuc, Maday, Yavən, Tubal, Məşəq və Tiras.
  3. Gümərin oğulları bunlar idi: Əşkinaz, Rifət və Tücarma.
  4. Yavənin oğulları bunlar idi: Əlişa, Tarşiş, Kittim və Dudanim.
  5. Adalarda[s] yaşayanlar bunlardan törəyib dilinə, qəbiləsinə və xalqına görə ayrılaraq öz ölkələrinə yayıldılar.
  6. Hamın oğulları bunlar idi: Kuş, Misraim[t], Put və Kənan.
  7. Kuşun oğulları bunlar idi: Siba, Həvilə, Səbtə, Rəhma və Səbtəkə.Rəhmanın oğulları Səba və Didan idi.
  8. Kuşun Nəmrud adında oğlu oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.
  9. O, Yehovaya qarşı çıxan güclü ovçu[u] idi. Buna görə də xalq arasında «Yehovaya qarşı çıxan güclü ovçu Nəmrudun tayı» deyimi yarandı.
  10. Əvvəlcə onun səltənətinə Şinar diyarında olan Babil, Ərək, Akkad və Qəlnə daxil idi.
  11. Nəmrud bu diyardan çıxıb Aşşura getdi və orada Neynəvanı[v], Rəhbut-İri, Kəlahı
  12. və Neynəva ilə Kəlah arasında Rəsəni saldı; böyük şəhər budur[w].
  13. Misraimin Ludim, Ənamim, Ləhabim, Nəftuhim,
  14. Patrusim, Kəsluhim (filiştlilər[x] ondan törəyib) və Kəfturim adında oğulları oldu.
  15. Kənanın oğulları bunlar idi: ilki Sidon, Het,
  16. həmçinin yəbusilər, amorilər, girqaşilər,
  17. hivilər, arqilər, sinilər,
  18. arvadilər, səmarilər, həməsilər. Sonralar Kənan qəbilələri səpələnib yayıldılar.
  19. Beləliklə, kənanilərin sərhədi Sidondan Qəzzə yaxınlığındakı Qərara, Səduma, Əmurəyə, Admaya və Leşa yaxınlığındakı Səbuyimə qədər uzanırdı.
  20. Bunlar öz qəbiləsinə, dilinə, ölkəsinə və xalqına görə bölünən Ham oğulları idi.
  21. Böyük oğul olan Yafəsin qardaşı[y] Samın da övladları oldu. O, bütün Abir oğullarının əcdadıdır.
  22. Samın oğulları bunlar idi: Elam, Aşşur, Ərfəhsad, Lud və Aram.
  23. Aramın oğulları bunlar idi: Uz, Hul, Qətar və Maş.
  24. Ərfəhsadın Saleh, Salehin Abir adında oğlu oldu.
  25. Abirin iki oğlu oldu. Birinin adı Faliq[z] idi, çünki onun yaşadığı vaxtda yer[aa] bölünmüşdü; qardaşının adı Qəhtan idi.
  26. Qəhtanın Əlmudad, Səlif, Hazarmavəd, Yarəh,
  27. Həduram, Uzal, Diqla,
  28. Obal, Abimail, Səba,
  29. Ofir, Həvilə və Yubab adında oğulları oldu; bunların hamısı Qəhtanın oğulları idi.
  30. Onların yaşadığı torpaqlar Misadan tutmuş Şərqdəki dağlıq bölgə olan Səfara qədər uzanırdı.
  31. Bunlar öz qəbiləsinə, dilinə, ölkəsinə və xalqına görə bölünən Sam oğulları idi.
  32. Nəslinə və xalqına görə bölünən Nuh oğullarının qəbilələri bunlar idi. Daşqından sonra yaranan və yer üzünə yayılan xalqlar onlardan törəyib.
  1. Bütün yer üzündə bir dildə danışır, eyni sözlər işlədirdilər.
  2. İnsanlar Şərqə tərəf köç edəndə gəlib Şinar diyarında bir ovalıq tapdılar və orada məskən saldılar.
  3. Onlar bir-birlərinə dedilər: «Gəlin kərpic kəsib bişirək». Beləliklə, kərpic onlar üçün daşı, qatran isə palçığı əvəz edirdi.
  4. Sonra dedilər: «Gəlin şəhər salaq və başı göylərə çatan qüllə tikib özümüzə ad qazanaq, daha yer üzünə yayılmayaq».
  5. Yehova yerə nəzər salıb[ab] insan oğullarının saldığı şəhəri və tikdiyi qülləni gördü.
  6. Onda Yehova dedi: «Bir xalqdırlar, dilləri də eynidir deyə, gör nə etməyə başlayıblar. Artıq onlar üçün ağıllarına gələni etməyə heç bir əngəl yoxdur; istədiklərini edəcəklər.
  7. Gəl onların dilini qarışdıraq[ac] ki, biri o birinin nə dediyini başa düşməsin».
  8. Yehova onları oradan bütün yer üzünə səpələdi və onlar yavaş-yavaş şəhərin inşasını dayandırdılar.
  9. Buna görə də o yerin adı Babil[ad] qaldı, çünki Yehova orada bütün dünyanın dilini qarışdırdı və Yehova oradan insanları bütün yer üzünə səpələdi.
  10. Samın tarixçəsi belədir. Daşqından iki il sonra, Samın 100 yaşı olanda Ərfəhsad adında oğlu oldu.
  11. Ərfəhsad doğulandan sonra Sam 500 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  12. Ərfəhsad 35 yaşında olanda onun Saleh adında oğlu oldu.
  13. Saleh doğulandan sonra Ərfəhsad 403 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  14. Saleh 30 yaşında olanda onun Abir adında oğlu oldu.
  15. Abir doğulandan sonra Saleh 403 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  16. Abir 34 yaşında olanda onun Faliq adında oğlu oldu.
  17. Faliq doğulandan sonra Abir 430 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  18. Faliq 30 yaşında olanda onun Rəhu adında oğlu oldu.
  19. Rəhu doğulandan sonra Faliq 209 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  20. Rəhu 32 yaşında olanda onun Səruc adında oğlu oldu.
  21. Səruc doğulandan sonra Rəhu 207 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  22. Səruc 30 yaşında olanda onun Nahur adında oğlu oldu.
  23. Nahur doğulandan sonra Səruc 200 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  24. Nahur 29 yaşında olanda onun Tarix adında oğlu oldu.
  25. Tarix doğulandan sonra Nahur 119 il yaşadı. Onun başqa oğul və qızları da oldu.
  26. Tarixin 70 yaşdan sonra İbram, Nahur və Haran adında oğulları oldu.
  27. Tarixin tarixçəsi belədir.Tarixin İbram, Nahur və Haran adında oğulları oldu. Haranın Lut adında oğlu oldu.
  28. Hələ atası Tarix sağ ikən Haran doğulduğu ölkədə — kəldanilərin Ur şəhərində öldü.
  29. İbramla Nahur özlərinə arvad aldılar. İbramın arvadının adı Saray idi, Nahurun arvadı isə Haranın qızı Milqə idi. Haran Milqə ilə İskənin atası idi.
  30. Saray sonsuz idi, onun uşağı olmurdu.
  31. Bundan sonra Tarix oğlu İbramı, Haranın oğlu, nəvəsi Lutu, İbramın arvadı gəlini Sarayı götürüb kəldanilərin Ur şəhərindən Kənan diyarına üz tutdu. Bir qədər sonra onlar Harrana çatdılar və orada məskən saldılar.
  32. Tarix 205 il ömür sürüb Harranda öldü.

Qeydlər

redaktə
  1. Yaxud Allahın qüvvəsi.
  2. Bu ayədə düzəltmək kimi tərcümə olunan ibrani feli 1:21, 27 və 2:3 ayələrində yaratmaq kimi tərcümə olunan feldən fərqlidir və qurmaq, hazırlamaq, təyin etmək mənalarını da daşıyır.
  3. Ehtimala görə, burada işlənən ibrani sözü gəmiricilər, həşəratlar kimi məxluqlara da aiddir.
  4. Hərfən: əksimiz, bənzərimiz olan.
  5. Allahın adı (ibr. יהוה (YHVH)). İlk dəfə bu ayədə işlənir. Azərbaycan dilində bu ad Yəhva kimi də məlumdur.
  6. İbrani dilində kişiqadın sözləri bir-birinə oxşardır. Kişi — iş, qadın — işşa.
  7. Yaxud ağıllısı; bici.
  8. Hərfən: toxumunla.
  9. 133,5 m. 1 qulac 44,5 sm-ə bərabərdir.
  10. Yəni üç cüt bir tək. Digər variant: yeddi cüt.
  11. Digər variant: yeddi cüt.
  12. Hərfən: beləcə, onların nəsli bütün yer üzündə sağ qalsın.
  13. Bu sular 1:6, 7 ayələrində haqqında danışılan və həmin dövrdə atmosferi əhatə edən su qatına aiddir.
  14. Təx. 6,7 m.
  15. Yaxud həyat ruhunun nəfəsi.
  16. Hərfən: Allah Nuhu və onunla gəmidə olan bütün vəhşi heyvanları və ev heyvanlarını xatırladı.
  17. Ağrıdağ
  18. Hərfən: O, insanı Allahın əksi olaraq yaradıb.
  19. Yaxud sahilyanı ərazilərdə.
  20. Misirin ibranicə adı.
  21. Yaxud döyüşçü.
  22. Nineviya.
  23. Digər variant: bunlar birlikdə böyük şəhərdir.
  24. Bəzi mənbələrə əsasən, filistimlilər.
  25. Digər variant: Yafəsin böyük qardaşı.
  26. Mənası: bölünmə.
  27. Yaxud yerin əhalisi.
  28. Hərfən: aşağı enib.
  29. Hərfən: yerə enib onların dilini qarışdıraq.
  30. Mənası: qarışdırma.