Yaram sağalmaz
Müəllif: Nəbi Miskin
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013. səh.134

Sevdiyim yağıdır qədrimi bilməz,
Etibarı olmaz,
İlqara gəlməz.
Peykanı sinəmdə qurub nişanı,
Kipriyi almaz,
Yaram sağalmaz.

Geyinibdir hər qumaşdan alı var,
Zülflərin cəngində qalmağalı var.
Özüm də bilmədim nə xəyalı var
Qızıl gül dəstəsində
Canım qəstində.
Gülündən gülgəz
Bu bağda bir gəz.

Şair Nəbi dərsin bu dala düşdü,
Bülbül kəşd eylədi, bu dala düşdü
Yandırma oda,
Ya bari-Xuda
Edərəm iltimas,
Sən eylə xilas.