Yavaş-yavaş (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yavaş-yavaş Müəllif: Aşıq Alı |
Möhnəti-zəmanə, fani dünyada,
Yol tutub dağlara gəl yavaş-yavaş.
Kərəm də Əslinin dərdini çəkdi,
Əsli də deyirdi gül yavaş-yavaş.
Bəzirganam matahım var, alan yox.
Ürəyimdə atəşim var, yanan yox.
Dərd əhlidir, əhli-dildən qanan yox,
Ürək coşar, deyər dil yavaş-yavaş.
Rüstəm qəhrəmanı, Zalı deyirəm,
Səxavətdə Hatəm kanı deyirəm,
Deyər Aşıq Alı, anı deyirəm,
Düşəcək qorxuya, bil, yavaş-yavaş.