Yavaş-yavaş (Aşıq Bəsti)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yavaş-yavaş (Aşıq Bəsti)
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.

Dolu döyüb bizi, bir də döyməsin,
Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.
Ağçınqıldan qara çəni kənar et,
Görünsün gözümə ağ, yavaş-yavaş.

Atdaş yaylağıdı ellərə bəlli,
Min bir bulağı var, dərəsi selli,
Görüm Löyü, qəlbim tapsın təsəlli,
Dumanı dağlardan yığ, yavaş-yavaş.

Bəsti deyər: gözdə qaldı murazım,
Həyanım yollardı, bir də ki, sazım.
Hələ ki, ellərdən gəlir avazım,
Deyirlər, yaşayır, sağ, yavaş-yavaş.