Yavaş-yavaş (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yavaş-yavaş
Müəllif: Aşıq Valeh
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22.

İsmimi söyləsən, sərsəm edərsən,
Başına gələni bil yavaş-yavaş.
Dinməyə taqətin qalmaz cəsəddə,
Quruyar ağzında dil yavaş-yavaş.

Düşmüsən cənginə bir natiq sərin,
Məhəbbət bəhrili, kalamı dərin,
Ərdəbilə çatdı qəmli xəbərin,
Yasını saxlayar, el yavaş-yavaş.

Dərdlərin müşgüldür, dərmanın baha,
Şadlığına güman yoxdur bir daha.
Qucaqla möhnəti, can denən aha,
Çeşminin yaşını sil yavaş-yavaş.

Qəbrini qazarlar bir qəribyana,
Nə bacı ağlayar, nə də ki, ana.
Bil, Aşıq Valehdir girən meydana,
Qol bağla, minnətə gəl yavaş-yavaş.