Yavaş-yavaş (Molla Cümə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yavaş-yavaş
Müəllif: Molla Cümə


Minib eşqin səməndini çaparam yavaş-yavaş,
Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
Sevən yarım şəfqət etsə o ləblərin suyundan,
Od tutuban yansa canım, səpərəm yavaş-yavaş.

Geyinmisən, yüz fitnəylə tilsim əynindədir,
Məni bu dərdə salıbsan bablın boynundadır,
İtiyim var, axtarıram, deyirlər qoynundadır,
İznin olsa, mən əl salıb taparam yavaş-yavaş.

Mən Cüməni yad etmədin, heç bilmirəm günahım,
Məni səndən cüda saldı min bir adlı pənahım,
Can dilbərim, bir yaxın gəl, çox da yoxdur tamahım,
O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş.