Yaxşıdı (Ağdabanlı Qurban)
Yaxşıdı Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
İnsana mərhəmət ola kəramət,
Baxtıla fərasət, kamal yaxşıdı.
Kişi atasının öz oğlu gərək,
Loxmadan, nütfədən halal yaxşıdı.
Tut nəzərdə sən bu çərxi-gərdişi,
Gecəli-gündüzlü yazınan qışı,
Arif olan özü bilər bu işi,
Eləmək dərindən xəyal yaxşıdı.
İnsan oğlu, mütləq inan, yəqin bil,
Mötəbər həqiqət əfsanə deyil.
Firqeyi-şeytana nəsihət deyil,
Təsir etməz zurna, qaval yaxşıdı.
Dağıtma fikrini, itirmə huşu,
Məhək seçər qəlpi, qızıl, gümüşü.
Tamahkar sənətkar, bədnəzər qonşu,
Heç deməz: camaat, mahal yaxşıdı.
Qurban, yaz nəsihət, yadigar, ustad,
Yaxşını, yamanı eyləyir isbat.
Vicdansız kişiyə həyasız arvad,
Deyir: zəhmət pisdi, sığal yaxşıdı.