Yaxşıdı (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdı
Müəllif: Aşıq Alı


Ay ağalar, gəlin sizə söyləyim,
Nə cür olsa yenə vətən yaxşıdı.
Qohum, qardaş, dost-müsahib görəndə,
Şəfa tapar yaralarım, yaxşıdı.

Bivəfaynan sən dost olma, kənar gəz,
Şam-çıraq olmasa, əldə fənər gəz.
Başa düşər öz hesabın qanar, gəz,-
Min qarğadan bircə qırğı yaxşıdı.

Bıçarə Alıyı gətirdin dilə,
Bülbül də müştaqdı budaqda gülə,
Sar quşları şikar etsə yüz ilə,
Qoca olsa yenə tərlan yaxşıdı.