Yayı nur
Yayınur Müəllif: Xəstə Qasım |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir gözəlin camalına mayılam,
Nə müddətdir gözəl məndən yayınur,
Mən qurbanam ağ üzündə o xala,
Zənəxdanın şöləgahı yayı nur.
Xəstə könlüm yar bəsləmiş, həmdərdi,
Dərdbilməzə demək olmaz həm dərdi,
Bir igidin yaxşı olsa həmdərdi,
Qışı nurdur, yazı nurdur, yayı nur.
Xəstə Qasım bu ləzgini yaratar,
Çətin gündə çətin səni yar atar,
Üz çevirsə, müjgan oxun yar atar,
Əli nurdur, oxu nurdur, yayı nur.