Yazıq (Əhməd Cavad)
Yazıq Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, |
Dəniz dərdə düşər, dalğalar ağlar,
Dağlara dərd gəlsə, dumana yazıq
Sənsiz öz elində qərib kəsilib
Durnalardan xəbər umana yazıq!
Bir quş oxur bizə sabah əzanı,
Çağırmaqda yola yoldan azanı.
Ərənlər söyləyən, Allah yazanı
Duymadan yox olan imana yazıq!
Zəmzəmin dərdini dinləyən qardaş,
Ölkəndə bir könül yapmaya uğraş!
Açılınca yollar Kəbəyə birbaş
Bir könül yapmayan vicdana yazıq!
Gün batanda sarı bulud sarısı,
Söylər sizə düşmüş dərdin yarısı!
Ey elin xanımı, qızı, qarısı.
Əl açmış bacılar düşmana, yazıq!