Yazıram (Ayrım Əhməd)
Yazıram Müəllif: Ayrım Əhməd |
Ərənlər mövlası qul pənahına,
Sığınmışam o Sübhana, yazıram.
Yovuncu-yovuncu şahlar Şahına,
Nalam çıxın asimana yazıram.
Mən ki səndən ayrılanı, a dağlar,
Nə müddətdir gözüm yaşlı qan ağlar.
Düşəndə yadıma işrətli çağlar,
Od tutmuşam, yana-yana yazıram.
Söyüdlü, Qonurun göy yaylaqları,
Çənli yurddan axan buz bulaqları.
Salmışam yadıma keçən vaxtları,
Ayrılıqdan bir nişana yazıram.
Gedib əldən ixtiyarım, kəsilib,
Meyvəsiz bağçayam, barım kəsilib.
Qohum, dostdan etibarım kəsilib,
Sözlərimi min əfsanə yazıram.
Qəlp çıxdı dostlarım, gəlmədi kara,
Əhmədəm mən hara ayrılıq hara?
Məcnuntək ün salıb, viran dağlara,
Nə bir dosta, mehribana yazıram.