Yazdım (İçdim mərd əlindən eşqin badəsin, Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yazdım Müəllif: Aşıq Alı |
İçdim mərd əlindən eşqin badəsin,
Bais oldu canda marağa, yazdım.
Canan eşqi can evinə düşəndə,
Düşdüm diyar-diyar sorağa, yazdım.
Biri qıya baxdı, saldı ataşa,
Biri süzdü məni ayaqdan-başa,
Biri məhbub oldu, döndü sirdaşa,
Biri şəstin çəkdi darağa, yazdım.
Biri saldı məni qafil inada,
Biri cəlil oldu həmdü-sənada.
Biri əyal atıb uyandı yada,
Biri sirr verəndə qırağa, yazdım.
İqbal rast olanda vəfalı yara,
Vəsfini söylədim lalə rüxsara.
Birini görəndə əsil mahpara,
Birini bir çeşmi-çırağa yazdım.
Əlim üzüləndə ata-anadan,
Alı qəmnak oldu başdan-binadan.
Vəsfi aparmadı dəhri-fənadan,
Nə vardı sinəmdə varağa yazdım.