Yenə sən oldun
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Əhsən qeyrətinə, anam gəlini,
Dar gündə vəfalı yenə sən oldun!
Son addımda mənim məğrur könlümün
Məqsədi, amalı yenə sən oldun!
 
Adını könlündə bəsləyən də mən,
Hərdən inciyən də, səsləyən də mən.
Bu eşqin yolunda büdrəyən də mən,
Əhdimin kamalı yenə sən oldun!
 
Sənin varlığında adi həyatam,
Sonsuzluq içində bir kainatam.
Yuxuma girmişdi müqəddəs atam,
Onun ilk sualı yenə sən oldun!
 
Həsrəti var səndən uzaq könlümün,
Qayğılar evində qonaq könlümün,
Zülfün zəncirinə dustaq könlümün
Arzusu, xəyalı yenə sən oldun!
 
Kim versə ömrünü bir təmiz ada,
Məhəbbət yolunda qalmaz piyada.
Dedin:-Bayraməli təkdi dünyada,
Bəxtimin iqbalı yenə sən oldun!