Yeri (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yeri Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.156 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Gözəl, sən ki seyrangaha çıxıbsan,
Gəl belə sallanma, yolu düz yeri.
Cananım, cövrünə can saxlamışam -
Ömrüm budağının gülün üz, yeri
Can qurban sənintək vəfalı dosta,
Həsrətin çəkməkdən olmuşam xəstə.
Qazdır məzarımı su yolu üstə,
Hər gəlib getdikcə dolan, gəz, yeri.
Alıyam, yurdumu el-el gəzərəm,
Çarəsiz dərdlərə dərman yazaram.
Gətirmişəm tirmə şallar, bəzərəm,
Sən yaxana qızıl düymə düz, yeri.