Yersiz minnət qoymaq

Yersiz minnət qoymaq
Müəllif: Abbasqulu ağa Bakıxanov


Eşitdim: pul verib təbibə səhər--
Bir xəstə üstünə dəvət etdilər.
Xəstənin qüvvəti getmişdi tamam.
Hərarət içində yanırdı müdam.
Qürurla soruşdu ondan kef, əhval,
Xəstəyə verdi o bir neçə sual.
Nəhayət, guya ki, o tapdı dərdi,
Xəstədən qan almaq əmrini verdi.
Yazığın qolundan alındıqda qan,
Qanıyla bərabər axıb getdi can.
Qorxuyla, təşvişlə olsa da, həkim,
Deyirdi: «Nə yaxşı oldu tədbirim.
Nə yaxşı qan aldıq, dincəldi bədən,
Qurtardıq xəstəni bu ağır dərddən».
Bizim əsrdə də belədir: əyan--
Döşünə döyərlər hər alanda can.
Hər kəsin bir işi düşsə əlinə,
Pozaraq o işi, öyünər yenə.
Bu çür minnət qoyub, can almaq, həmən,
Yaxşıdır yenə boş vədə verməkdən.
Deyirlər: Bir kəsdən edəndə xahiş,
Düzəltsin birinə bir əməl, bir iş.
Əzəldən düzünü söylərdi o kəs:
«Ki, ümid olmayın siz mənə əbəs,
Elə bu sizə çox hörmətdir ki, mən,
Avara qoymuram öz işinizdən».
Ey Qüdsi, buraxma düzlüyü sən də,
Hörmətsiz olarsan yalan deyəndə.