Yetişib müjdeyi-canbəxş ki, canan gəliri
Yetişib müjdeyi-canbəxş ki, canan gəliri Müəllif: Heyran xanım |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Yetişib müjdeyi-canbəxş ki, canan gəliri
Canibi-gülşənə ol sərvi-xuraman gəliri.
Ayrılıq dərdi məni saldı ayaqdan, yarım-
Etməyə bu dili-pürdərdimə dərman, gəliri.
Əsibən badi-səba zülfi-siyahin dağıdıb,
Mehr tek mah üzü oldu dirəxşan, gəliri.
Qaməti sərvi-səhi, zülfı kəməndi-dilü can!
Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri.
Çün təbəssümlə olub ləl-ləbi dürrəfşan,
Səhni-gülzar olub gülləri xəndan gəliri.
Görsədib arizini, aləmi pürnur qılıb,
Gün tülu etdi, üfüqdən məhi-taban, gəliri.
Xəncəri-naz ilə qəmzə oxun almış əlinə
Aşiqin qəsdinə bir afəti-dövran gəliri.
O nə vəqtdir deyərlər, yar ötər şövkətilən,
O nə gündür deyərlər: ol şəhi-xuban gəliri.
Gər yetişsən o şəhin xidmətinə, dön başına,
Elə, Heyran, canuvi sən ona qurban, gəliri.