Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması

Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Deyirəm bu söhbəti danışmamışdan qabaq bir-iki ustad kişiyi öz sözləriylə yada salaq, yenə söhbətimizə davam eləyək. Amma o sözlər ki, qəriblikdən, ayrılıqdandı… Çünki indi xeyli vaxtdı biz yurddan-yuvadan ayrı düşmüşük. Gərəkdi ki, bizim bu hal-əhvalımıza uyğun söz deyilsin. Xüləsə, deyirəm qabaqca Yetim Əsgərdən bir söz deyək, ruhu şad olsun.

Müxənnət fələyin nəzərindəyəm,
Qəzaynan, xətaynan hədələr məni,
Yaxam əlindədi, qalmışam naçar,
Nə olsun tanıyır dədələr məni.

Yaş gedir, dərd artır, bel də bükülür,
Candan qüvvə gedir, nur də çəkilir,
Ürəyə xal düşür, bağrım sökülür,
Tutur tənələrə gədələr məni.

Əhli-hal tapmıram açam dərdimi,
Ona nişan verəm ata yurdumu,
Yetim Əsgər sevər elin mərdini,
İnsafdı, namərdlər didələr məni?!

Ustadlar bir deməz, iki deyər. Biz də yenə birini də Yetim Əsgərdən deyək, olsun iki.

Hardan, niyə gəldin, soruşma, qardaş,
O dağdan bu dağa güzardı düşdü.
Məni yurd-yuvamdan, eldən elədi,
Sədəmə toxundu, nazardı düşdü.

Əlindən iş gəlmir, eybinə kor ol,
Varda gözüm yoxdu, lap sahibkar ol,
Məni tanıyandan məni xəbər al,
Qəriblik qanıma azardı düşdü.

Dürlü sözləri var Yetim Əsgərin,
Bir zad deyil sənin anarı-bərin,
Mən indi qəribəm, yoxdu öz yerim,
Sanıram baxtıma məzardı, düşdü.

Ustadlar sözü iki deməz, üç deyər. Biz də birini Mağaraçıqlı Hasan xandan deyək, olsun üç.

En, ey könül, sən göylərdən,
Əhli-hal yerindədi,
Məqamın həmən məqamdı,
Cah-calal yerindədi.
Söz mülkünün ləl-cövhəri,
Qaradan gəldi ağa,
Çünki böyük zəhmətim var,
Var halal yerindədi.

Dərddən nələr çəkib başım,
Bilirik sən də, mən də,
Fələk məni tanıyıbdı,
Salıb qəmnən kəməndə.
Mən bir ürfan adamıyam,
Süvar olub səməndə,
Dolanıram oba-oba,
El, mahal yerindədi.

Hasanxanı gəl incitmə,
O ki, qırxlar quludu,
Safdı qəlbi, həm nəfəsi,
Könlü sözlə doludu.
Getdiyi yol haqq yoludu,
Şahi-mərdan yoludu.
Təbi qaynar, sözü lətif,
Pir, abdal yerindədi.

Bəli, Allah ustadlara rəhmət eləsin, keçək söhbətimizə. Aşıq Heydər Hacı Abbasoğlu Mahmud ağanın məclisinin nuru sayılırdı. Ağa ona aşıq kimi, şair kimi böyük hörmət eləyir, harya getsə, onu aparırdı. Aşıq cavan vaxtı saz çalsa da, sonralar ana babasının sözüynən daha sazı yerə qoydu, amma avaznan elə oxuyurdu, az qalırdı ki, uçan quşlar da havada qanad saxlaya. Sözüm yox, yenə Mahmud ağaynan Aşıq Heydər Kəmərvana getmişdilər. İşlərini görəndən sonra, yəni orda məclis keçirəndən sonra onlar geri qayıdanda kəndin qırağında bir cavana rast oldular. Baxdılar, bu, cütün macından tutub yeri heç yaxşı əkə bilmir. Yeri əkməyin əvəzinə cızalayıb, zay eləyib bu. Odu ki, Aşıq Heydər Mahmud ağaya dedi:
– Ağa, əgər izn versən, bu cavana bir söz demək istəyirəm. Sinəmə bir neçə xana söz gəlib.
– İzindi, sən söz deməymində ol.
Mahmud ağa belə deyəndə Aşıq Heydər görək burda götürüb nə dedi:

Durma, macdan yaxşı yapış,
Xərək qoyub qaralama.
Ək ürəklə, həvəsiynən,
Gəl torpağı yaralama.

Haqosa bax, diqqət elə,
İşlə, çalış, gülə-gülə,
Bu obadan sən naz ilə,
Gəl özünü aralama.

Niyə oldu halın xarab?
Peşən olsun özünə bab.
Heydər deyər başqa iş tap,
Yeri-yurdu qaralama.

Bəli, söz tamama yetdi. Amma cavan oğlan öküzü əylədi. Alnının tərini slib atlılara, yəni Aşıq Heydərlə Mahmud ağaya yaxınlaşıb dedi:
– Düzdür, dediyinə iradım yoxdur, amma ağa özü məni məcbur elədi ki, get yeri sən ək. Mən də əkin işini bilən adam deyiləm. Mənimki daş işidir, ev tikirəm, mustuq yonuram, holuq düzəldirəm.
– Bə adın nədir ?
– Yetim Ləvənd.
– Soruşmaq ayıb olmasın, hansı tərəfdənsən?
– Axırkələkdənəm. Atam-anam öldü. Mən bir parça vaxtımnan düşdüm qapılara. Sağ olsun Usta Pirini, mənə sənət öyrətdi – güzaranım bu tərəfə düşür, o da belə...
Mahmud ağa bunu bir xeyli sorğu-suala tutdu, daha heç nə demədi. Yenə üzünü Aşıq Heydərə tutdu. Yəni görək Aşıq Heydər nə deyir bəs. Aşıq Heydər Yetim Ləvəndə dedi:
– Baxıram sinən söznən doludu. Bəlkə bir söz deyəsən.
– Ürəyimnən dedin, sən də cavab verərsənmi?
– Sən de görüm. Baxım, xoşuma gəlsə, mən də bir şey deyərəm.
İndi görək burda Yetim Ləvəndə nə dedi, Aşıq Heydər ona nə cavab verdi:

Kor baxdım mənimlə heç getmir yola
Yandırıb oddara hara gəlibdi.
Yığıb mənə verib dərdi, bəlanı,
Əzəldən belədir, qara gəlibdi.

Aldı Aşıq Heydər:
Boy-buxun, sir-sifət, cavanlıq səndə,
Bulud tək tutulub dolmağın nədi.
Dərd-sərini söylə, biz də bir bilək,
Heyva tək saralıb solmağın nədi.

Aldı Yetim Ləvənd:
Barı «hiş» də qanmır tərs öküz kimi,
Qəmi qabağıma düzür köz kimi.
Bircə faydası yox çürük qoz kimi,
Deyim bircə gün də kara gəlibdi.

Aldı Aşıq Heydər:
Qaradan qaradı o baxt dediyin,
Əlbət ki, varlıdı xoşbəxt dediyin.
Yerini alarmı hər vaxt dediyin,
Dərdi sinən üstə almağın nədi.

Aldı Yetim Ləvənd:
Feldardı, bal yağır yağlı dilindən,
Baş aça bilmirəm heç əməlindən.
Qurtarmaq olur ki, bunun əlindən.
Yetim Ləvənd bezib, zara gəlibdi.

Aldı Aşıq Heydər:
Aşıq Heydər deyər bir az tab elə,
Aç sinədəftərin, bir kitab elə.
Səxalı bəylərə bir xitab elə,
Baxtın qarasında olmağın nədi?

Söz tamama yetəndə Aşıq Heydər Yetim Ləvəndə dedi:
– Əyə, sən əməlli söz deyənsənmiş ki! İndi bir söz deyəcəm, mənə cavab verərsənmi?.
– Sən başla görüm, mən də sənə layiq bir-iki söz tapa bilərəmmi?.
Bəli, Aşıq Heydər burda yenə görürdü görək nə dedi:

Nə ucadı, nə alçaqdı,
Bu məqamlar kimdədi?
Gözəl işlər, gözəl peşə,
Böyük namlar kimdədi?
Pul oduna ömür verən
Nə qazanar dünyada?
Haqq ataşı, üzün nuru,
Dolu camlar kimdədi?

Aldı Yetim Ləvənd:
Mərd ucadı, namərd alçaq,
Uca məqam mərddədi,
Gözəl işlər, gözlə peşə,
Böyük namlar mərddədi,
Pul oduna yanan kəslər
Faniliyi qazanar,
Haqq ataşı, üzün nuru,
Dolu camlar mərddədi!

Aldı Aşıq Heydər:
Varü-dövləti, qızıl-gümüş,
Ləlü-göhhər nə şeydi?
Nədi söylə kişi işi
Bu dünyada nə yeydi?
Qara saçı nə ağartdı,
Əlif qəddi nə əydi?
Ağır məclis, şirin söhbət,
Qara damlar kimdədi?

Aldı Yetim Ləvənd:
Varü-dövlət, qızıl-gümüş
Aqillərə nə şeydi,
Kişi işi səxavətdi,
Eylik eləmək yeydi,
Qara saçı, əlif qəddi
Qoca fələk tez əydi;
Ağır məclis, şirin söhbət,
Qara damlar mərddədi!

Aldı Aşıq Heydər:
Mərd dediyin necə kəsdi?
İşi-gücü yoxdumu?
El içində yeri-yurdu,
Varı-yoxu çoxdumu?
Mala-pula meyl eləmir
Harda qurub taxtını?
Aşıq Heydər sual eylər
Şirin dəmlər kimdədi?

Aldı Yetim Ləvənd:
Mərd deyilən haqq elçisi,
Yaxşı bilir işini,
Əzəl başdan heç buraxmır
Yaxşılığın peşini;
El içində məclis qurar.
Mərdə verər aşını;
Yetim Ləvənd doğru söylər
Şirin dəmlər mərddədi!

Söz tamama yetəndə Aşıq Heydər baxdı yenə Yetim Ləvəndin sözü var deyən.
Odu ku, dedi:
– Baxıram yenə dənçiyində söz var. De görüm, nə deyirsən.
– Bu belə deyəndə Yetim Ləvənd yenə sözə başladı:

Bir yandan yetiməm, bir yandan kasıb,
Tale dərd şələsin belimə basıb.
Ataşlı zənciri boynundan asıb,
Kimsə pənah yoxdu, təkcə qalmışam,
Sitəmə tuşam.

Aldı Aşıq Heydər:
Darıxma darılma, dərdə qayım ol.
Əlbət, tanrı verər sənə da bir yol.
Ucadan ucadı çox adildi ol,
Hər vaxt pənahında saxlayar səni,
Gəl eşit məni.

Aldı Yetim Ləvənd:
Evsiz-eşiksizəm, simsarsız, fağır...
Nə məclis görürəm, nə də çal-çağır.
Dərd dərdin dalınca üstümə yağır.
Hələ indiyəcən kədər almışam,
Yuvasız quşam.

Aldı Aşıq Heydər:
Sən ki, söz deyəsən, simsar tapılar,
Açılar üzünə bağlı qapılar.
Dərddən sınıq könlün sözlə yapılar,
Qovarsan başından dumanı-çəni,
Gəl dərddən geni.

Aldı Yetim Ləvənd:
Yetim ləvənd deyər bir ustadım yox,
Saza həvəsim var, sözə ondan çox.
Aşıq Heydər, mənə yaxşı göznən bax,
Bu cavan yaşımda dərdə dalmışam,
Bir bağrıdaşam.

Aldı Aşıq Heydər:
Aşıq Heydər gördü sənin dərdini,
Həlbət bular el-obanın mərdini.
Qəm eləmə, mən bilirəm qədrini.
Gəl unut burada olub-keçəni,
Haqqa sal yönü.

Söz tamama yetən kimi Mahmud ağa bir qələm, bir kağız çıxarıb nəsə yazdı, sonra Aşıq Heydərə baxıb dedi:
– Aşıq Heydər, zəhmət olmasa, atdan düş, ver onu Yetim Ləvəndə, qoy getsin kəndə.
Bayaq Aşıq Heydər atı verdi Yetim Ləvəndə. Mahmud ağa dedi:
– Neçə aydı burda işləyirsən?
– Üç aydı.
– Yaxşı, ağa sənə 15-20 manat haqq verməlidi. Amma sən bu kağızı al, ver ona geri, dübara burya gəl... Özün də bir az çəpik ol.
– Bu saat.
Bayaq Yetim Ləvəndə ata minən kimi atı dəhmərləyib kəndə tərəf yol aldı. Aradan az keçmədi ki, Yetim Ləvənd geri qayıtdı, atdan düşüb onu sahibinə qaytaranda Mahmud ağa dedi:
– Yetim Ləvənd, min Aşıq Heydərin tərkinə. Deyirlər Aşıq Nəsib yaxşı aşıqdı. Səni onun yanına aparıram. Əlbət hünərin var, amma yenə xeyrinədi... Al bu da sənə yol xərcliyi.
Mahmud ağa Yetim Ləvəndə xeyli pul verdi. Yetim Ləvənd ağanı dualaya-dualaya pulu cibinə qoydu, Aşıq Heydərin tərkinə mindi. Gəlhagəl gəlib onlar bir kəndə çıxdılar. Mahmud ağa atını bir evin qabağında saxlayıb dedi:
– Bilirəm, Aşıq Nəsib burda olur.
Ona kimi qapı açıldı. Ev sahibi eşiyə çıxdı, gələnləri qarşıladı. Nökər-qulluqçu tökülüb atları tövləyə çəkdilər. Mahmud ağagili də evə apardılar. İçəri keçdilər ki, məclis qurulub. Aşıq Nəsib lap başda oturub qəlyan çəkir. Bunlar salam verib keçdilər başa. Aşıq Nəsib o saat Aşıq Heydəri tanıdı.
– Əyə, a qara Heydər. Mən harya gedirəm, gərək sən də oraya gələsən?
– Bə, neynim. Mən də belə adamam.
– Yanındakı bu cavan oğlan kimdi?
– Yetim Ləvənd.
– Axırkələkli cavandımı bu?
– Necə ki...
– Deyirlər bir az söz-zad deməyi var.
– Sən hardan bilirsən.
– Mənim bilmədiyim şey var ki?!
Aşıq Nəsib qəlyanı bir yana qoyub sazını sinəsinə basdı.
– Əyə, a qara Heydər, sən yaxşı söz deyənsən, amma sinəmə bir neçə xana yaxşı söz gəlib, deyim qulaq as.
İndii görək Aşıq Nəsib burda götürüb nə dedi:

Qırxların əlindən badə işmişəm,
Qəlbinin nurundan sözüm bol gəlir.
Dərdə alışmışam, düzü seçmişəm,
Sinəmin başına haqdan yol gəlir.

Meylim yox dünyada mala-dövlətə,
Pendir-çörək bəsdi, yemərəm kətə.
Mən tamah salmaram pişmişə, ətə,
Boğazdan, gödəndən axı ol gəlir...

Nəsibəm, sözümə sən də, yaxşı bax,
Yerdən öz-özünə qaynayır bulaq.
Yorğa yeriş nədi nə bilir ulaq?
Sağdan sonra əlbət, bir də sol gəlir.

Söz tamama yetən kimi Mahmud ağa aşığın qabağına bir onluq qızıl qoydu.
– Sağ ol, var ol, aşıq. Səndən bir xahişim var, bu oğlanı (əliynən Yetim Ləvəndi göstəridi) sənin yanına gətirmişəm ki, bunu özünə şəyirt götürəsən. Səsi də var, sözü də var... qalanını da sən bilirsən.
– Nə deyirəm. Mahmud ağa, amma bu cavanla ötəri deyişmək istiyirəm. Görək razı olacaqmı.
– Mən razıyam.
– Eləmi, onda gəl qabağa.
O saat Yetim Ləvənd keçdi Aşıq Nəsibin qabağına. Yenə
Aşıq Nəsib sazı sinəsinə basdı, görək nə dedi:

Ustadın, pirin kim, özün de kimsən,
Söz betər tutubdu harada səni?
Yoxsa natarazsan, bir ağlı kəmsən,
Xəcil eləmiyim burda səni.

Aldı Yetim Ləvənd:
Ustadım Əlidi, ol Şahi-Mərdan,
Yetiməm dərd üstə tutub söz məni.
Ağlı-huşu cəməm, ağlım başımda
Gəl sıxma-boğmuya salnan az məni.

Aldı Aşıq Nəsib:
Fağırsan, gədəsən, yoxsamı mərdsən,
Yoxsa özün boyda dünyaya dərdsən.
Olmuya bilmirəm, qurd oğlu qurdsan,
Dar yerdə qoyarsan qarada məni.

Aldı Yetim Ləvənd:
Fağıram, kasıbam, gədə deyiləm,
Nə də özüm boyda qada deyiləm.
Mən qurd oğlu qurdam – bilir bu aləm,
Dillənsə, ram edir telli saz məni.

Aldı Aşıq Nəsib:
Aşıq Nəsib deyər sözü uzatma,
Uca məqamlara əlini atma.
Mənim düz sözümə qaşını çatma,
Nədi dingildədən arada səni.

Aldı Yetim Ləvənd:
Yetim Ləvənd deyər sözüm uzanmaz,
Dərdə müştaq olan boşuna yanmaz.
Bir alçaq könüldü deyil ki, qanmaz.
Çağırar çöllərə gələn yaz məni.

Bəli, söz tamama yetdi. Aşıq Nəsib dedi:
– Yetim Ləvənd, sağ ol. Səndən yaxşı aşıq olacaq. Bu gündən səni özümə şəyird götürdüm.
Elə o vaxtdan Yetim Ləvənd Aşıq Nəsibə şəyird oldu. Bir neçə il onun yanında qaldı, aşıqlığın yolunu-izini öyrəndi. Allah sizləri də mətləbinizə çatdırsın.