Əsən yellər, bir Allahın eşqinə,
Yazdığım naməni vətənə yetir.
Bəndədən bəndəyə kəramət olmaz,
Qeyzinən Xeybəri atana yetir.
Yellər, ərzi-halım söyləynən mərdə,
Haqq divan eyləyən Ruzi-Məhşərdə,
Möcüzət göstərən Şəhri-Bərbərdə,
Qul deyib, özünü satana yetir.
Qəribəm, qürbətə atıldı daşım,
Tufana qərq oldu neçə yoldaşım,
Müşküləm, ol Şaha düşübdür işim,
Ərşin sütunundan tutana yetir.
Bir kimsənə deyim, İslama pənah,
Onun da xətrini çox istər Allah.
Qılıncı Zülfüqar, atı Zilcənah,
Zəlillər dadına çatana yetir.
Nəcəfin də gözü yoxdu sağında,
Tərlan idi, qaldı sar oylağında.
Qiblə tərəfində, Ağrı dağında,
Nuhun gəmisində yatana yetir.