Yetirrəm
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Könül, səbr et, gəl eyləmə əlaman,
Səni bir gün o dildara yetirrəm.
Ağlayıban növnə etmə şivəni,
Şahqubada, o sərdara yetirrəm.

Bilirəm, qəriblik aldı qərarım,
Çəkəcəksən hələ dərdini yarın.
Kəsilibdi səbri bülbüli-zarın,
Fəsli-bahar, gülüzara yetirrəm.

Kəriməm, halımdı çox-çox pərişan,
Əritdi cismimi atəşi-hicran.
Hanı, bu dünyada yoxdu bir insan,
Deyə: səni mən o yara yetirrəm.