Yetirsin
Yetirsin Müəllif: Aşıq Qurban |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Aşıq gərək məşuqundan dönməsin,
Vədə versə, yüz ilqara yetirsin.
Qasid yoxdu, mən bir namə göndərim,
Ərzi halım nazlı yara yetirsin.
İlqar saxlamışam iman içində,
Ümid bəsləmişəm güman içində,
Gövhər qalıb dərya, ümman içində
Qəvvas gərək bir kənara yetirsin.
Yazıq Qurban sirrin əyan eyləsin,
İstəkli dostuna bəyan eyləsin.
Dost gərək dostuna dərman eyləsin,
Nə ki, zülm əliynən yara yetirsin?!