Yetmədim
Yetmədim Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.160 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Nahaq yerə qəhrə düşdüm dünyada,
Bağ becərdim, payız bara yetmədim.
Pusqu qurdum, kəmənd atdım, qovladım,
Gecə-gündüz bir şikara yetmədim.
Anlamıram, nə gərdişdi, nə işdi,
Müxənnətlər hər kamına yetişdi.
Ömrüm-günüm həsrət ilə ötüşdü,
Cəfa çəkdim, heyif, yara yetmədim.
Mən biçarə, sən Alosman maralı,
Alışaram, gəzmə məndən aralı.
Görən gündən müştağında bu Alı,
Qoynundakı bir cüt nara yetmədim.